ƏMƏKQABİLİYYƏTSİZLİYİ – işçinin xәstәliyә, istehsalatda vә ya mәişәtdә baş verәn bәdbәxt hadisәyә vә digәr sәbәblәrә görә әmәk funksiyalarını yerinә yetirmәk qabiliyyәtindәn müvәqqәti vә ya daimi mәhrum olması; sosial risk növlәrindәn biri. Müvәqqәti Ə. dönәn xarakter daşıyır, insanın sağalması ilә onun әmәk qabiliyyәti bәrpa olunur vә o, işә çıxa bilir. Bu hal tibbi ekspertizaya әsasәn müәyyәn olunur vә әmәk qabiliyyәtinin olmaması vәrәqәsi vә ya arayışla tәsdiqlәnir. İnsanın әmәk qabiliyyәtinin bәrpası mümkün olmadıqda, Ə. daimi olur vә hәmin şәxs әlil sayılır, bәzәn hәkimin mәslәhәtilә başqa rejimdә, yaxud başqa işdә işlәmәk imkanı olan qismәn әmәkqabiliyyәtli sayılır. Dayanıqlı Ə. zamanı tibbi-sosial ekspertiza idarәlәrindә hәyat fәaliyyәtinin (o cümlәdәn әmәk qabiliyyәtinin) mәhdudlaşması strukturunun vә dәrәcәsinin qiymәtlәndirilmәsi әsasında әlillik qrupu vә reabilitasiya daxil olmaqla sosial müdafiә tәdbirlәri müәyyәnlәşdirilir.
Müvәqqәti Ə. mәlumatlarının tәhlili işçi tәrәfindәn onunla әlaqәdar sosial imtiyazlardan sui-istifadәni, yaxud Ə. yüksәk olan müәssisәlәrdә әmәk şәraitinin yaxşılaşdırılmasının lazım olduğunu aşkar etmәyә imkan yaradır. Çox ölkәlәrdә Ə. göstәricisi onun sığortalanması üçün üzvlük haqqının miqdarını müәyyәn edir, yәni Ə. göstәricisi yüksәk olduqca, ona tutulan faiz artır. Ə.-nin iqtisadi yükü çox әhәmiyyәtlidir vә o, sahibkarlarla (onlar buna görә әmәk şәraitinin daimi yaxşılaşdırılmasında maraqlıdırlar) milli sığorta fondları arasında bölünür. Ə.-nin sәbәb vә nәticәlәrini öyrәnmәk üçün işәdüzәltmә agentliklәrindә müstәqil tibbi müayinә institutu yaradılır vә bu, hәmin agentliklәrin hәkimlәrinә iş axtaran şәxsin zәrәrli vәrdişlәri (siqaretçәkmә, alkoqoldan sui-istifadә) dә daxil olmaqla, tam sağlamlıq vәziyyәti haqqında mәlumat tәqdim etmәyә imkan verir. Hәkimlәr bu işçinin әvvәlki iş yerindәki Ə. üzrә mәlumat bazası nәzәrә alınmaqla, onun Ə. ehtimalını müәyyәnlәşdirirlәr. 1990-cı illәrin әvvәllәrindәn Ümumdünya Sәhiyyә Tәşkilatı vaxtından әvvәl ölüm vә ya Ə. sәbәbindәn itirilәn hәyatın potensial il kәmiyyәtini göstәrәn xüsusi DALY (Disability-Adjusted Life Year) әmsalını hesablamağa başlamışdır. Bu göstәrici Ə.-nin әn çox yayılmış sәbәblәrini әks etdirir (mәs., 20 әsrin sonlarında Ə.-dә psixi vә nevroloji amillәr 28% olmuşdur).
İşçinin Ə.-si ilә onun digәr sәbәblәrdәn işdәn hüquqi azad olmasını (hamilәliyә vә doğuma görә mәzuniyyәt, ailә üzvlәrindәn olan xәstәyә qulluq, karantindә qalma vә s.) fәrqlәndirmәk lazımdır.
Ə. işçiyә hәm işdәn azad olmaq, hәmçinin istehsalatda bәdbәxt hadisә vә ya peşә xәstәliklәri zamanı sosial sığorta vәsaitinin sәviyyәsi hәcmindә müavinәt almaq haqqı verir. Bu zaman müavinәtin hesablanması vә ödәnilmәsi Azәrb. Resp. Nazirlәr Kabinetinin qәrarı ilә tәsdiq edilmiş “Mәcburi dövlәt sosial sığortası üzrә ödәmәlәrin vә әmәk qabiliyyәtini müvәqqәti itirmiş işçilәrә işәgötürәnin vәsaiti hesabına ödәnilәn müavinәtin hesablanması vә ödәnilmәsi haqqında әsasnamә” ilә tәnzimlәnir.