ƏMİN ABİD (Zeynalabdin Mütәllib oğlu Əhmәdovun tәxәllüsü; 2.11.1898, Bakı – 21.10.1938) – Azәrb. folklorşünas-әdәbiyyatşünas alimi, şair. Ə.Müznibin qardaşıdır. 1918–21 illәrdә İstanbul müәllimlәr seminariyasında, 1922–26 illәrdә İstanbul Untinin tarix-filologiya fakültәsindә tәhsil almışdır. 1927 ildәn Ə.A. müәllimliklә yanaşı, müxtәlif qәzet vә jurnallarda “Abid”, “Abid Mütәllibzadә”, “Abid Alp Mütәllib oğlu”, “Qozqurab bәy” vә b. imzalarla mәqalә, hekayә, şeir vә tәrcümәlәr çap etdirmiş, eyni zamanda tәdqiqatlar aparmışdır. “Yeni Qafqaz”, “Azәri-türk”, “Odlu yurd” vә digәr qәzet vә jurnallarda “Gültәkin” tәxәllüsü ilә yazdığı şeirlәrindә mübarizәyә çağırış, tәqib vә sürgünlәrә etirazla yanaşı, sabaha güclü inam da ifadә olunmuşdur. Müznibin redaktoru olduğu “Dirilik”, “Babayi-Əmir” jurnallarında çalışmış Ə.A.-in milli әdәbiyyatşünaslıq, folklor vә mәtbuat tarixi haqqında (“Azәrbaycan türklәrinin әdәbiyyat tarixi”, “Bayatının türk xalqları әdәbiyyatında mövqeyi”, “Azәrbaycan sözünün mәnşәyi”, “Türk el әdәbiyyatına elmi bir baxış” vә s.) әsәrlәri vә mәqalәlәri var. Onun “Gürcü qardaş”, “Qafqaz türküsü”, “Buzlu cәhәnnәm”, “Bayrağım vә istiqlalım”, “Canavar”, “Bolşevik”, “Moskva” kimi şeirlәri dövrün bolşevik-sovet ideologiyasının ifşasına vә ona qarşı mübarizәdә dünyanın mütәrәqqi insanlarının birlәşmәsinә yönәlmişdir. Ə.A. M.Füzulinin “Söhbәtül-әsmar” әsәrini aşkara çıxararaq, elm alәminә tanıtmış, “Kitabi-Dәdә Qorqud” dastanının vә Orxon-Yenisey abidәlәrinin ilk tәdqiqatçılarındandır. 1937 ildә “millәtçi”, “pantürkist” adı ilә hәbs edilmiş vә 1938 ildә güllәlәnmişdir.
Əsәri: Buzlu cәhәnnәm. B., 1999.