ƏMİR (әr. – başçı, hökmdar) – müsәlman ölkәlәrindә sәrkәrdә, hakim, hökmdar. Ərәb xilafәtindә ilk xәlifәlәr vә Əmәvilәr dövründә orduya komandanlıq edәnlәr Ə. adlanır vә adәtәn işğal edilmiş vilayәtlәrә canişin tәyin olunurdular. Xәlifә Ömәrdәn başlayaraq xәlifәlәr “әmir әl-möminin” (“möminlәrin hökmdarı”) adlanırdı. 9–10 әsrlәrdә Abbasilәr dövründә xәlifәlәrin himayәsindә olan feodal hakimlәri, Xilafәtdәn nominal asılı canişinlәr (Əğlәbilәr, Tulunilәr, Tahirilәr) vә ya müstәqil dövlәt yaradan hakimlәr (Qәznәvilәr, Büveyhilәr vә b.) Ə. adlanırdı. 10 әsrin sonu – 11 әsrin әvvәlindә müxtәlif rütbәli feodal hakimlәri vә sәrkәrdәlәri dә (Sәlcuqilәr, Əyyubilәr, Mәmlüklәr dövlәtlәrindә vә s.) Ə. adlanmağa başladı. Teymurun da bu titulu vardı. Sәfәvilәr dövründә әyalәt hakimlәri (adәtәn tayfa başçıları – xanlar vә sultanlar), Əfqanıstanda Dost Mәhәmmәddәn başlayaraq Barәkzailәr sülalәsinin hökmdarları Ə. titulunu daşıyırdılar. 18 әsrin sonundan Buxara xanlığının hakimlәri dә özlәrini Ə. adlandırırdılar. 21 әsrin başlanğıcında monarxiya quruluşunun hökm sürdüyü bәzi әrәb dövlәtlәrindә (mәs., Sәudiyyә Ərәbistanında vә s.) şahzadәlәr Ə. adlanır.