ƏMİR KƏBİR, Mirzә Tağı xan Fәrahani (1808 – 9.1.1852, Kaşan) – İran dövlәt xadimi. 1843– 47 illәrdә İran– Türkiyә sәrhәdyanı münaqişәlәrinin nizamlanmasına dair Ərzurum konfransında İranın nümayәndә heyәtinә başçılıq etmişdir. 19 әsrin 30-cu illәrindә Tәbrizin hәrbi vә mülki administrasiyasının rәhbәri Ə.K. özünün tәşkilatçılıq vә inzibati idarәçilik qabiliyyәtlәri sayәsindә vәliәhd Nәsirәddin Mirzәnin yanında böyük nüfuz qazanmışdı. 1847 ildә әmir nizam (hәrfi mәnası ordu, qoşun әmiri) titulunu almışdır. 1848 ildә Nәsirәddin şah onu İranın ilk baş naziri tәyin etmişdi. Daxili siyasәti mәrkәzi hakimiyyәtin güclәndirilmәsinә yönәlmiş Ə.K. ordunu yenidәn möhkәmlәndirmәyә nail olmuş, onun kömәyilә Babi üsyanlarını vә әyalәtlәrdә feodal qiyamlarını yatırmışdır. Maliyyә böhranını aradan qaldırmış, ticarәt vә sәnәtkarlığın canlandırılmasına aid tәdbirlәr hәyata keçirmiş, bir sıra dövlәt manufakturası vә s. yaratmışdı. Mәhkәmә, xalq tәhsili vә inzibati idarәçilikdә ruhanilәrin rolunu azaltmağa çalışmışdır. Ə.K.-in tәşәbbüsü ilә İranda ilk dәfә fars dilindә qәzet nәşrinә başlanılmış (1851 ildәn), saray әyanlarının uşaqları üçün ilk dünyәvi mәktәb tәşkil edilmişdi (1852). Xarici siyasәtindә Ə.K. Avropa dövlәtlәri ilә münasibәtlәrdә bәrabәr hüquqlar qazanmağa vә xarici dövlәtlәrin ölkәnin daxili işinә qarışmasının qarşısını almağa çalışmışdır. Onun islahatçılıq fәaliyyәti ruhanilәr vә bir sıra feodal qruplaşmalarının müqavimәti ilә qarşılanmışdı. 1851 il noyabrın 20-dә şahı devirmәyә vә hakimiyyәti әlә keçirmәyә cәhddә ittiham olunaraq bütün vәzifәlәrindәn kәnarlaşdırılmış, titulları әlindәn alınmış vә Kaşana sürgün edilmişdir. Burada şahın әmri ilә öldürülmüşdür.