ƏMİRGÜNƏXAN QACAR, S a r ı A s l a n (? – 1625, İrәvan) – Sәfәvi sәrkәrdәsi, Çuxursәd (İrәvan) bәylәrbәyisi (1605–25). Qacarlar sülalәsindәn idi. 1603 ilәdәk Qәzvin daruğası olan Ə.Q. Sәfәvi–Osmanlı müharibәlәri zamanı Tәbriz vә Naxçıvan ş.-lәrinin, Gәncә әtrafının osmanlılardan azad edilmәsindә fәrqlәnmişdi. Naxçıvan әyalәtinin idarәsi dә ona tapşırılmışdı. Ə.Q. Sәfәvilәrin q. torpaqlarında dağıdılmış şәhәr vә kәndlәri abadlaşdırmış, Qars, Van vә Muş әyalәtlәrindәn Ağrıdağ vadisinә xeyli әhali köçürmüşdür. 1612 ildә Sәlmasda osmanlılarla Sәfәvilәr arasında sülh sazişinin bağlanmasında iştirak etmişdi. Osmanlılarla yenidәn başlanan döyüşlәr zamanı İrәvan qalasının müdafiәsindә (1616) igidlik göstәrdiyi üçün Ə.Q.-a I Abbas “Sarı aslan” lәqәbi vermişdi. 1625 ildә Sәfәvilәr әleyhinә üsyan etmiş G.Saakadzeyә qarşı göndәrilәn Ə.Q. ağır yaralanmış, İrәvana qayıtdıqdan bir neçә ay sonra ölmüşdür.