ƏMİROV Fikrәt Mәşәdi Cәmil oğlu (22.11.1922, Gәncә – 20.2.1984, Bakı) – Azәrb. bәstәkarı. SSRİ xalq artisti (1965). Azәrb. SSR xalq artisti (1958). Sosialist Əmәyi Qәhrәmanı (1982). SSRİ Dövlәt mükafatı laureatı (1949, 1980). Azәrb. SSR EA m.üzvü (1980). M.C.Əmirovun oğludur. 1959 ildәn Azәrb. Bәstәkarlar İttifaqının, 1974 ildәn eyni zamanda SSRİ Bәstәkarlar İttifaqının katibi idi. Gәncә Musiqi Mәktәbinin tar sinfini bitirmiş, 1938–39 illәrdә Bakı Musiqi Mәktәbindә oxumuşdur. 1948 ildә Azәrb. Dövlәt Konservatoriyasını (B.İ.Zeydmanın bәstәkarlıq sinfini) bitirmişdir. Azәrb. Dövlәt Filarmoniyasının bәdii rәhbәri (1947), Azәrb. Dövlәt Opera vә Balet Teatrının direktoru (1956–59) olmuşdur. Ə.-un yaradıcılığı musiqi sәnәtinin müxtәlif janrlarını әhatә edir. “Ürәkçalanlar” (1944) vә “Gözün aydın” (1946) musiqili komediyaları Ə.-un ilk sәhnә әsәrlәridir. Onun “Sevil” operası (1953, C.Cabbarlının eyniadlı pyesi üzrә) müasir mövzuda yazılmış operalar arasında görkәmli yer tutur. Opera SSRİ-nin müxtәlif şәhәrlәrindә tamaşaya qoyulmuş, Moskvada konsert ifası olmuşdur (1963); 1970 ildә “Azәrbaycanfilm” kinostudiyası tәrәfindәn ekranlaşdırılmışdır. Simfonik musiqi Ə.-un yaradıcılığında әhәmiyyәtli yer tutur. Simli ork. üçün “Nizami” simfoniyası (1947) lirizmi, tәsirliliyi, aydın vә incә musiqi üslubu ilә fәrqlәnir. Ə. simfonik muğam janrının yaradıcısıdır. “Şur” vә “Kürd-ovşarı” (hәr ikisi 1948), “Gülüstan–Bayatı-Şiraz” (1971) simfonik muğamlarında muğam şöbәlәrinin kontrast ardıcıllıq prinsipini saxlamış, melodiyanı kiçik lövhәlәrlә şәrh edәrәk, muğamı sәrbәst inkişaf etdirmişdir. Özünәmәxsus bәstәkarlıq texnikasına malik bu әsәrlәr muğam janrını simfoniklәşdirmә baxımından böyük әhәmiyyәt kәsb edir. Aşıq musiqisi intonasiyalarını, xalq rәqslәrinin oynaq, gümrah ruhunu ifadә edәn “Azәrbaycan süitası” (1950), kompozisiyasına görә simfonik muğamların süita-rapsodiya formasını xatırladan “Azәrbaycan kapriççiosu” (1961), “Simfonik rәqslәr” (1963), elәcә dә “Azәrbaycan qravürlәri” (1977) Ə.-un yaradıcılığın da әhәmiyyәtli yer tutur.Simfonik muğam әnәnәlәrinin davamı olan “Nәsimi dastanı” (1973, yeni redaksiyası 1977; Azәrb. SSR Dövlәt mükafatı, 1974) xoreoqrafik poeması üçün faciәvilik, orijinal musiqi obrazları, dәrin musiqi dramaturgiyası xarakterikdir. Bәstәkarın “Xәzәri fәth edәnlәr” (1976) vokal-xoreoqrafik poeması neftçilәrin fәdakar әmәyinә hәsr olunmuşdur. Ərәb musiqi intonasiyaları vә ritmlәrindәn istifadә edәrәk, mәşhur “Min bir gecә” nağıllarının motivlәri әsasında yaratdığı eyniadlı “Min bir gecә” baleti (1979) bir çox xarici ölkәdә tamaşaya qoyulmuşdur. Maraqlı musiqi obrazları ilә zәngin “Nizami” baleti (1984) 1991 ildә Azәrb. Dövlәt Opera vә Balet Teatrında sәhnәyә qoyulmuşdur. İnstrumental konsert janrında yazan ilk Azәrb. bәstәkarlarından olan Ə.-un fp., violin ilә ork. üçün ikili konsertindә (1946) vә fp. ilә xalq çalğı alәtlәri ork. üçün konsertindә (1947) xalq mahnı vә rәqslәrinin üslub xüsusiyyәtlәrindәn sәnәtkarlıqla istifadә edilmişdir. Ərәb mövzuları әsasında fp. ilә ork. üçün konsert (1957, E.Nәzirova ilә birgә) gözәl, tәravәtli musiqisi, orkestr vә fp. partiyalarındakı orijinal tapıntıları ilә fәrqlәnir. Ə. kamera-vokal vә instrumental musiqi janrında da bir sıra maraqlı әsәrlәrin müәllifidir. Fp. üçün 2 prelyüd, “12 miniatür”, Ü.Hacıbәyli vә A.Zeynallının xatirәsinә hәsr edilmiş elegiyalar, uşaq lövhәlәri, 2 ekspromt vә s., “Ulduz”, “Gülәrәm gülsәn”, “Azәrbaycan ellәri”, “Mәn sәni araram”, “Reyhan” vә s. romans vә mahnıları mәşhurdur. Ə. bir sıra dram tamaşasına (“Şeyx Sәnan”, “Vaqif”, “Xanlar”, “Cavanşir” vә s.) vә kinofilmә (“Sәhәr”, “Böyük dayaq”, “Mәnki gözәl deyildim” vә s.) musiqi bәstәlәmişdir. Ə.-un әsәrlәri, xüsusilә simfonik muğamları Niyazi, G.Rojdestvenski (Rusiya), L.Stokovski (ABŞ), Ş.Münş (Fransa), G.Abendrot (Almaniya) kimi mәşhur dirijorların repertuarına daxil olmuş vә bir çox xarici ölkәlәrin әn böyük konsert salonlarında sәslәnmişdir. Azәrb. Dövlәt Mahnı vә Rәqs Ansamblı Ə.-un adınadır. Bakıda yaşadığı evә xatirә lövhәsi vurulmuşdur. Gәncә Dövlәt Filarmoniyasına Ə.-un adı verilmişdir. Azәrb. SSR Ali Sovetinin (4–9-cu çağırış) deputatı olmuşdur. 2010-cu ilin yayında Qәbәlә ş.-ndә London Filarmonik Orkestri Ə.-un “Kürd-ovşarı” simfonik muğamını ifa etmişdir.
Ə s ә r l ә r i: Musiqi düşüncәlәri. B., 1971; Musiqi sәhifәlәri. B., 1978.
Əd.: И с м а и л о в а Г. Фикрет Амиров. Б., 1956; В и н о г р а д о в В. Мир музыки Фикрета. Б., 1983.
Ямиров Ф. “Мин бир эеъя” балети. Кремл Балет Театры. Москва.
Ямиров Ф. “Севил” операсы. Азярбайъан Дювлят Опера вя Bалет Театры.