ƏMLAK HƏBSİ – 1) әmlakın siyahıya alınması vә onlara sәrәncam vermәyin yasaqlandığının elan edilmәsi, zәrurәt yarandıqda isә әmlakdan istifadә hüququnun mәhdudlaşdırılması, onun götürülmәsi, yaxud saxlanca verilmәsi. Hәbsin qoyulması – mühakimә icraatı vә icra üzrә icraat zamanı şәxslәrin maraqlarının tәmin olunması tәdbiridir. Hәbs әmlaka olan hüquqları mәhdudlaşdırır: o satıla, hәdiyyә edilә, dәyişdirilә, mәhv edilә, kirayәyә verilә, yaxud girov qoyula bilmәz. Ə.h. bütün әmlakın, yaxud müәyyәn hissәsinin üzәrinә qoyula bilәr.
Ə.h. hal şahidlәrinin iştirakı ilә icra edilir, әmlaka hәbs qoyulması haqqında protokol (Ə.h. haqqında akt) tәrtib olunur ki, onun da әsas hissәsi hәmin әmlakın siyahıyaalınmasıdır. Hesablardakı pul vәsaitlәrinin hәbsi zamanı hesab üzrә mәxaric әmәliyyatları hәbs olunmuş miqdar hüdudlarında dayandırılır; vәsaitlәrin daxil olması qaydası hәbs zamanı dәyişdirilmir.
Mühakimә icraatı prosesindә hәbsin qoyulması haqqında qәrar yalnız mәhkәmә tәrәfindәn verilir vә mәhkәmә qәrarlarının icrası, yaxud istintaq hәrәkәtlәri üçün nәzәrdә tutulmuş qaydada icra edilir. Hәbs mәhkәmәnin, hakimin, cinayәt işini aparan şәxs, yaxud orqanın qәrarı ilә götürülür. İcra üzrә icraatda hәbs mәhkәmә icraçısının qәrarı ilә qoyulur vә götürülür.
İcra sәnәdlәri üzrә ödәmә qoyula bilmәyәn әmlaka (mәs., yaşayış sahәsi, yaxud onun hissәsi borclu vәtәndaşın vә ailә üzvlәrinin yaşaması üçün yeganә yararlı yerdirsә, adi ev şәraitinin predmetlәri, qiymәtli әşyalar vә dәbdәbә predmetlәri istisna olmaqla, fәrdi istifadәdә olan әşyalar – paltar, ayaqqabı vә s.) hәbs qoyulmur.
2) Malların, nәqliyyat vasitәlәrinin vә digәr әşyaların hәbsi inzibati xәta zamanı hәmin әşyalar inzibati xәtanın predmeti, yaxud alәti olduğu tәqdirdә tәtbiq edilir. Bu zaman Ə.h. iş üzrә icraatın tәmin olunması tәdbirinin tәtbiq olunduğu şәxsә, yaxud onun qanuni nümayәndәsinә malların, nәqliyyat vasitәlәrinin vә digәr әşyalar üzәrindә sәrәncam verilmәsinin (zәrurәt yarandıqda isә istifadә edilmәsinin dә) qadağan olunmasını elan etmәklә, hәmin әşyaların siyahıya alınmasından ibarәt olur. Malların, nәqliyyat vasitәlәrinin vә digәr әşyaların hәbsi polis orqanları, sәrhәd qoşunları, gömrük orqanları vә s. tәrәfindәn hәyata keçirilir.