ƏMLAK HÜQUQLARI – 1) әmlaka sahiblik, әmlakdan istifadә vә onun üzәrindә sәrәncam vermәklә bağlı subyektiv hüquqlar. Bu mәnada Ə.h. әşya hüququ adlandırılır; 2) iqtisadi dövriyyә iştirakçıları arasında әmlakın bölüşdürülmәsi vә mübadilәsi (әmtәә, xidmәt, görülmüş işlәr, pullar, qiymәtli kağızlar vә s.) ilә әlaqәdar meydana çıxan vә mövcud mülki-hüquqi mübadilә çәrçivәsindә onlar tәrәfindәn güzәşt oluna (satıla) bilәn maddi (әmlak) tәlәblәr. Mülki hüquq obyektlәri kimi Ə.h.-nın zәruri әlamәtlәri (şәxsi hüquqlardan fәrqli olaraq) onların ötürülә bilmәsi (onların şәxsiyyәtdәn ayrılmaz olduğu hallar, mәs., aliment hüquqları istisnadır) vә pul qiymәtlәndirmәsi imkanıdır.
“Ə.h.” anlayışı Roma hüququnda әşyaların cismani (res corporales – toxunula bilәnlәr) vә qeyri-cismani (res incorporales – toxunula bilmәyәnlәr) olaraq bölünmәsindәn yaranmışdır. Ə.h. mülkiyyәt hüququnu (әmlak paylarına hüquq da daxil olmaqla, ümumi pay mülkiyyәti hüququ, yaxud ümumi birgә mülkiyyәt hüququ); tәsәrrüfat hüququnu; operativ idarәetmә hüququnu; ömürlük irsәn sahiblik hüququnu; daimi (müddәtsiz) istifadә hüququnu; tәmәnnasız tәcili istifadә hüququnu; icarә hüququnu; girov hüququnu (ipoteka); başqasının daşınmaz әmlakından mәhdud istifadә hüququnu ehtiva edir. Ə.h.-nın mövcudluğu müvafiq sәnәdlә (şәhadәtnamә, patent vә s.) tәsdiq olunur.
Fonoqram müәlliflәri, ifaçıları vә istehsalçılarının, digәr müәllif vә yanaşı hüquqlara malik olanların, hәmçinin patentә malik olanların Ə.h., o cümlәdәn istisnalı vә istisnasız Ə.h. (bax Müәlliflik hüququ); yetkinlik yaşına çatmayanların, әr-arvadın, mülkiyyәtçinin ailә üzvlәrinin vә mülkiyyәtçinin ailә üzvlüyündәn çıxmış, lakin tutduğu yaşayış yerindә yaşamağa davam edәn şәxslәrin Ə.h.; aksionerlәrin, qiymәtli kağız sahiblәrinin, investorların vә b. Ə.h.; hüquqi faktlardan yaranan Ə.h. vә qanunla nәzәrdә tutulmayan, lakin mülki qanunvericiliyin ümumi prinsiplәrinә zidd olmayan hәrәkәtlәr nәticәsindә (mәs., işçinin әmәk funksiyalarını yerinә yetirmәsi prosesindә müәssisәyә vurduğu әmlak zәrәrini ödәmәk öhdәliyi ilә bağlı) yaranan Ə.h. fәrqlәndirilir. Dövlәt büdcәsinin ictimai ehtiyaclara sәrf edilmәsi ilә bağlı yaranan hüquqlar da Ə.h.-na aiddir.