ƏMTƏƏ İSTEHSALI – mәhsulları şәxsi istehlak üçün deyil, mübadilә üçün istehsal olunan ictimai istehsal forması (bax Əmtәә); ictimai әmәk bölgüsü әsasında yaranır, iqtisadi baxımdan ayrılmış istehsalçılar tәrәfindәn idarә olunur. Ə.i. – tarixәn istehsalın keçici formasıdır. Sadә Ə.i. ibtidai icma quruluşu dövründә yaranmışdır. Mәhsuldar qüvvәlәr inkişaf etdikcә vә fәrdi istehsal imkanı yarandıqca, әvvәllәr ayrıayrı icmalara mәxsus әmtәә qismindә olan әmәk mәhsullarının mübadilәsi icmanın özündә dә yayılır. Ə.i. kapitalizmdәn әvvәlki formasiyalarda müәyyәn qәdәr inkişaf etmәsinә baxmayaraq, hәlә insanlar arasında iqtisadi әlaqәlәrin әsas formasına çevrilmәmişdi. Hәmin şәraitdә natural tәsәrrüfatın üstünlüyü vardı. Ticarәt inkişaf etdikcә, o cümlәdәn quldar vә feodalların tәsәrrüfatlarının әmtәә-pul sahәsinә cәlb olunmasına imkan yaradan xarici ticarәt, Ə.i.-nın inkişafı vә genişlәnmәsi natural tәsәrrüfatı pozur, bu da quldarlıq vә feodal istehsal üsullarının dağılması ilә nәticәlәnirdi. Natural tәsәrrüfatdan fәrqli olaraq әmtәә tәsәrrüfatı mәhsul istehsalçı vә istehlakçılara mәxsus bazar vә malların alqı-satqı vasitәsilә әlaqәlәrini nәzәrdә tutur. Hәr mülkiyyәtçi öz maraqlarını gözlәdiyindәn, cәmiyyәtdә şәxsi mülkiyyәtә әsaslanan istehsal, mübadilә vә bölgü, tәbii hәrc-mәrclik xarakteri alır. İctimai әmәk bölgüsünün sonrakı dәrinlәşmәsi istehsal vasitәlәrinin vә istehlak әşyalarının daxili vә әmәk bazarlarının genişlәnmәsinә sәbәb olur. Sadә Ə.i. ona xas qanunlar әsasında, ilk növbәdә dәyәr qanununun fәaliyyәti sayәsindә, hәmçinin müәyyәn tarixi şәrtlәr olduqda kapitalist Ə.i.-nın yaranmasına gәtirib çıxarır. İşçi qüvvәsi alqı-satqı obyekti olur, yәni әmtәәyә çevrilir. Kapitalist Ə.i.-nın әn vacib әlamәti ondan ibarәtdir ki, burada әsas istehsal münasibәtlәri әmtәә formasındadır. Kapitalist Ə.i. sadә Ə.i. ilә müqayisәdә daha mürәkkәb forma hesab edilir. Kapitalist Ə.i. sadә ilә eynitipli olsa da (istehsal vasitәlәri vә istehsalın nәticәlәri üzәrindә xüsusi mülkiyyәt vardır), ondan xeyli fәrqlәnir: adi әmtәә istehsalçıları xırda xüsusi mülkiyyәtçilәrdir, onlar özlәrinә mәxsus istehsal vasitәlәrini istifadә edirlәr, kapitalist müәssisәlәrindә isә istehsal vasitәlәri sahibkara mәxsusdur vә fәhlәlәr ondan mәhrumdur; sadә Ə.i. әmtәә istehsalçısının şәxsi әmәyinә, kapitalist Ə.i. isә başqasının әmәyinin istismarına әsaslanır; sadә Ə.i. sәnәtkar vә kәndlilәrin şәxsi tәlәbatlarını ödәmәk üçün onların fәrdi istehsalını tәşkil edir, kapitalist müәssisәlәrindә bir çox fәhlәlәrin birgә әmәyi kapitalistin rәhbәrliyi altında mәnfәәt qazanmaq mәqsәdinә xidmәt göstәrir. Kapitalizmin mәhvi Ə.i.-nın lәğvi demәk deyil. Tarixdә sosializm şәraitindә әmtәә istehsalı da mövcud olmuşdur.