“ƏNCÜMƏNİ-ŞÜƏRA” (far. – şairlәr mәclisi) – әdәbi mәclis. 1838 ildә Ordubad ş.-ndә “Naib” tәxәllüsü ilә şeirlәr yazan Şeyxәli xan Kәngәrli tәrәfindәn tәşkil olunmuşdur. Uzun müddәt (1860–70) mәclisә H.Fәqir (M.S.Ordubadinin atası), sonralar isә M.T.Sidqi (1903 ilәdәk) rәhbәrlik etmişdir. M.T.Sidqinin sәyi ilә mәclis Naxçıvanda da fәaliyyәt göstәrmişdir. Qüdsi Vәnәndi, Molla Hüseyn Bikәs, Möhtәrәm Ordubadi, Molla Mәhәmmәd Ordubadi, Kәblә Əliqulu, Əhmәd ağa Şәmi, Usta Zeynalabdin Nәqqaş, Mәmmәdqulu Salik, Mәşәdi Hәsәn Dәbbağ, Ağa Rәsul Əttar, Canı Ordubadi, Nәdim Naxçıvani, Mirzә Mehdi Naxçıvani vә b. “Ə.-ş”.nın fәal üzvlәri idilәr. Mәclis üzvlәri bәdii yaradıcılıqda hәyatla, tarixi inkişafla ayaqlaşa bilmәsәlәr dә, klassik irsi yaşatmaq vә yaymaq sahәsindә müәyyәn iş görürdülәr. Mәclisin yığıncaqları M.T.Sidqinin Ordubadda açdığı “Əxtәr” mәktәbindә, sonralar isә Naxçıvanda dәrs dediyi “Mәktәbi-tәrbiyә”dә keçirilmişdir. Burada mәclis üzvlәrinin şeirlәri müzakirә olunur, Firdovsi, Xәyyam, Nizami, Xaqani, Sәdi, Hafiz, Nәvai, Füzuli vә b. klassik şairlәrin әsәrlәri oxunur, onların şeirlәrindәn seçilmiş nümunәlәrә nәzirәlәr yazılır, şeir müsabiqәlәri keçirilirdi.
Əd.: Qasımzadә F. XIX әsr Azәrbaycan әdәbiyyatı tarixi. B.,1974; Qarayev N. Poetik mәclislәr. B.,1987.