ƏNDƏLİB QARACADAĞİ (?, Cәnubi Azәrb., Qaradağ mahalı, Əhәr qәs. – ?, İrәvan) – Azәrb. şairi. 18 әsrin 2-ci yarısı – 19 әsrin 1-ci yarısında yaşadığı ehtimal olunur. Gәnc yaşlarında İrәvana gәlәrәk Sәrdar divanxanasında mirzәlik etmiş, İrәvan xanlığı Rusiyaya birlәşdirildikdәn sonra (1827) mayor Şubinin yanında katib işlәmişdir. Hәm klassik poeziya (qәzәl, qәsidә, rübai vә s.), hәm dә şifahi xalq әdәbiyyatı (qoşma, gәraylı, müxәmmәs, heydәri vә s.) üslubunda yazmışdır. M.Füzulinin “Leyli vә Mәcnun” poemasının tәsiri ilә eyni üslub vә vәzndә (hәzәc) yazılmış “Qisseyi-Leyli vә Mәcnun” әsәri var. Poema avtobioqrafik sәciyyә daşıyır. “İrәvanın alınması dastanı” mәnzumәsi xanlığın rus qoşunları tәrәfindәn zәbt olunmasından bәhs edir. Ə.Q.-nin qoşma, gәraylı vә heydәrilәri sadә, aydın dildә yazılmışdır; tәsvir vә ifadә vasitәlәri tәbiiliyi vә orijinallığı ilә seçilir. Azәrb. şifahi xalq әdәbiyyatı nümunәlәrini toplamışdır.
Ə s ә r l ә r i: Şeirlәr. “Cәnubi Azәrbaycan әdәbiyyatı antologiyası”nda, c.1. B., 1981; Şeirlәr. B., 2002.
Əd.: Qasımzadә F. XIX әsr Azәrbaycan әdәbiyyatı tarixi. B., 1974.