ƏNDƏRUNLU FAZİL (tәqr. 1756–57, Akka – 1810, İstanbul) – türk divan şairi. Əndәrunda tәhsil almışdır. 12 il İstanbulda yoxsulluq içindә yaşayan Ə.F. qәsidәlәrlә III Sәlimә müraciәt etdikdәn sonra Hәlәb dәftәrxanasında işә qәbul olunmuşdur. İstanbulda olduğu dövrdә yazdığı hәcvlәrә görә 1799 ildә Rodosa sürgün edilmiş, gözlәri tutulduqdan sonra İstanbula qayıtmağına icazә verilmişdir. Türk klassik şeiri Ə.F.-in әsәrlәri ilә yeni bir mәrhәlәyә qәdәm qoymuşdur. Şair әsәrlәrindә dövrün hәyat tәrzini, öz mühitini vә bu mühitdәki müşahidәlәrini geniş şәkildә әks etdirmiş, mücәrrәdlikdәn uzaq duraraq real hәyatı sadә bir dillә qәlәmә almışdır. 1842 ildә Bulaq vә İstanbulda nәşr edilmiş divanının çoxu türkcә, az bir qismi әrәb vә farsca olmaqla, minacat vә nәtlәrdәn, qәsidәlәrdәn, tarixi mәnzumәdәn, satirik şeir parçalarından, müxәmmәs, müsәddәs vә qitәlәrdәn ibarәtdir. Ə.F. “Dәftәri-eşq” (nәşri 1869) әsәrindә öz eşq macәralarından bәhs edir. “Hübabnamә” (nәşri 1839), “Zәnannamә” (nәşri 1837, 1839) әsәrlәri, “Şevkengiz” adlı 640 beytlik mәsnәvisi var. “Rәqqasnamә” (nәşri 1839) adı ilә dә tanınan dördlüklәrdәn ibarәt “Cәnginamә” (nәşri 1869) әsәrindә dövrün adәt vә әnәnәlәri әks olunur.