ƏNƏNƏ VƏ NOVATORLUQ, әdәbiyyatda – әdәbi prosesdә varislik vә yenilәşmәni sәciyyәlәndirәn anlayışlar, keçmiş irslә yeni yaradılan arasında qarşılıqlı әlaqә. Ə. vә n. yazıçılar tәrәfindәn qәbul edilәn vә mәnimsәnilәn, onların yaradıcılığı üçün bir istinad nöqtәsi olan, öz aktuallığını vә dәyәrini itirmәyәn keçmiş dövrün mәdәni-bәdii tәcrübәsidir. Ə. vә n. tarixi sabitliyә malik olmasına baxmayaraq, eyni zamanda funksional dәyişikliklәrә dә mәruz qalır; hәr bir dövr keçmiş mәdәniyyәtin әn dәyәrli vә vacib olanını seçir. Hәr bir milli mәdәniyyәtin ardıcıllıq mühiti (sferası) vaxtı gәldikcә dәyişir; belә ki, 20 әsrin 2-ci yarısında o nәzәrә çarpacaq dәrәcәdә geniş vüsәt aldı, orta әsrlәr incәsәnәtinә, habelә qeyri-milli incәsәnәtә maraq artdı. Dünya әdәbi prosesinin müxtәlif mәrhәlәlәrindә Ə. vә n. arasındakı әlaqә, nisbәt fәrqlidir. Folklorun, qәdim vә orta әsrlәr әdәbiyyatının yenilәnmәsi olduqca ağır hәyata keçirdi (antik mәdәniyyәtin dinamizminin Avropa İntibahını qabaqlaması istisna tәşkil edir). Belә vәziyyәtdә әnәnәnin mәqsәdi әvvәlki tәcrübәni yenidәn mәnalandırmaq, dәyişdirmәk deyil, qәti surәtdә ona riayәt etmәk olmuşdur (Şәrq әdәbiyyatında 19 әsrәdәk davam etmişdir). Ənәnәnin hәyatiliyi onun yeni tarixi şәraitdә inkişaf etdirilmәsindәdir. Dahi Azәrb. şairi N.Gәncәvi öz yaradıcılığında Şәrqin böyük söz ustadları Firdovsi vә Əttarın, Füzuli isә Nizami, Nәvai, Nәsiminin şeir әnәnәlәrini davam vә inkişaf etdirmişdir. C.Mәmmәdquluzadә, Ə.Haqverdiyev, M.Ə.Sabir realizminin ideya-bәdii köklәri M.F.Axundzadә vә Q.Zakirin realist әnәnәlәri ilә üzvi surәtdә bağlıdır.
Novatorluq bәdii әdәbiyyatın forma vә mәzmununda xalq üçün әhәmiyyәtli, qiymәtli olan tamamilә yeni cәhәtlәrdir. Dövrün vә xalqın tәlәblәrinә cavab olaraq, qabaqcıl yazıçı hәyatda yenicә baş verәn hadisәlәri, insanlar arasında dәyişilib yenilәşmiş münasibәtlәri, insanın yeni xüsusiyyәtlәrini müşahidә edib, onları canlı, tәbii surәtdә әks etdirmәklә, әdәbiyyatda mühüm bir yenilik yaratmış olur vә buna novatorluq deyilir. C.Mәmmәdquluzadә, M.Ə.Sabir vә b. mollanәsrәddinçilәr dövrün ictimai problemlәrini yaradıcılıqlarında ifadә etmiş, novator olaraq әdәbiyyatda realist satira yaratmışdılar. Ə.vә n. müasir dövr yazıçılar nәsli tәrәfindәn davam vә inkişaf etdirilir.