ƏNƏNƏVİ CƏMİYYƏT – insan fәaliyyәti sxemlәrinin, ünsiyyәt formalarının, mәişәtin tәşkili vә mәdәniyyәt nümunәlәrinin tәkrar canlandırılmasına әsaslanan cәmiyyәt; sәnayelәşmәyәqәdәrki cәmiyyәt. Ə.c.-dә әnәnә sosial tәcrübәnin nәsildәnnәslә ötürülmәsinin әsas üsulu, fәrdlәrin şәxsi inkişafını özünә tabe edәn sosial әlaqә rolunu oynayır.
Ə.c. iqtisadiyyatı üçün natural tәsәrrüfatın hökmranlığı sәciyyәvidir. Burada әmtәә münasibәtlәri ya tamamilә olmur, ya da azsaylı elitanın ehtiyaclarını ödәmәyә yönәlir. Sosial münasibәtlәrin tәşkilindә әsas prinsip cәmiyyәtin sәrt iyerarxik stratifikasiyasıdır ki, bu da endoqam kastalara bölünmәdә tәzahür edir, eyni zamanda qapalı vә tәcrid olunmuş icma әhalinin böyük әksәriyyәtini tәşkil edәn müti tәbәqә üçün sosial münasibәtlәrin tәşkilinin әsas formasına çevrilir. Bu sәbәbdәn Ə.c.-dә ayrıca insanın şәxsiyyәt azadlığını istisna edәn vә әnәnәvi davranış normalarına ciddi riayәt olunmasına istiqamәtlәnmiş kollektivçi sosial tәsәvvürlәr hakimdir. Kasta bölgüsü ilә birlikdә Ə.c.-in bu xüsusiyyәti sosial mobillik imkanlarını tamamilә istisna edir. Siyasi hakimiyyәt ayrıca qrupun (kasta, klan, ailә) çәrçivәsindә inhisarlaşır vә әsasәn avtoritar formalarda mövcud olur.
Ə.c.-in sәciyyәvi cәhәtlәrindәn biri yazının tamamilә yoxluğu, ya da ayrı-ayrı qrupların (mәs., mәmurların, kahinlәrin) imtiyazları şәklindә olmasıdır. Yazı әksәr hallarda әhalinin әsas hissәsinin danışıq dilindәn fәrqli şәkildә inkişaf edir (mәs., orta әsrlәr Avropasında latın, Yaxın Şәrqdә әrәb, Uzaq Şәrqdә çin dillәri). Buna görә mәdәniyyәtin nәsillәrarası ötürülmәsi verbal, folklor formada hәyata keçirilir, sosiallaşmanın başlıca institutu isә ailә vә icma olur.
“Ə.c.” anlayışı bәşәriyyәtin inkişafının sәnayelәşmәyәqәdәrki mәrhәlәsinin real tarixini әks etdirmәdiyindәn, müasir sosialmәdәni antropologiya әnәnәvi sosiologiyadan fәrqli olaraq, bu termindәn istifadә etmir. Müasir millәt nәzәriyyәsindә (E.Gelner, B.Anderson, K.Doyç) sәnayelәşmәyәqәdәrki inkişafı sәciyyәlәndirmәk üçün “aqrar”, “aqrar-yazılı cәmiyyәt” anlayışlarından istifadә olunur.