ƏNQA (әr. ) – әrәb mifologiyasında quş. Musanın zamanına aiddir. Üzü insan üzünә bәnzәyir, uzun boğazlı, qızılı-qırmızı, yaxud yaşıl rәngli, uzun lәlәkli, gözәl sәsli, güclü vә әzәmәtli quşdur. İnsan kimi düşünә vә danışa bilir. Bütün biliklәrә sahib olub, hökmdarlara vә qәhrәmanlara yol göstәrir. Süleyman onunla danışmış, Zülqәrneyn onun belindә göyә yüksәlmişdir. Bәzi rәvayәtlәrә görә, Ə. Hәnzәlә ibn Sәfvan adlı peyğәmbәrin xalqına (ehtimal ki, Əshabi-rәss; Quran 25:38, 50:12) hücum etdiyindәn hәmin peyğәmbәrin (yәhudi mifologiyasında Musanın) bәdduası ilә ildırımvurmadan ölmüşdür. Digәr versi yaya görә, Ə. sağdır. Müsәlman rәvayәtlәrindә Ə. bütün quşların hökmdarıdır. Ə. obrazı “Min bir gecә” nağıllarına daxil olmuş, orta әsr yazılı abidәlәrindә (Saflıq qardaşlarının traktatları, Zәkәriyya Qәzvini, Kәmalәddin Dәmiri vә b.-nın әsәrlәri) adı çәkilmişdir. Tәsәvvüfdә mistik izahını tapmış, mütlәqliyin simvolu kimi xüsusi әhәmiyyәt kәsb etmişdir. “Ənqaümuğrib” әsәrindә Ə.-nı öz-özlüyündә bәsit olan vә müxtәlif şәkillәrdә birlәşәrәk әşyaları yaradan toz yığını, yaxud zәrrәciklәr (“hәba”) kimi sәciyyәlәndirәn İbn Ərәbidәn sonra Ə. “vәhdәti-vücud” fәlsәfәsinin әsas rәmzlәrindәn birinә çevrilmişdir. Ə. mifoloji anlamda müәyyәn fәrqlәrlә, mistik anlamda isә tam olaraq Simurqun eynidir. Yunan mifologiyasında Feniksә uyğun gәlir. Klassik Şәrq, elәcә dә Azәrb. әdәbiyyatında gözәllik, әzәmәt vә mütlәqliyin ifadәsi kimi Ə. obrazına rast gәlinir.