ƏNTƏRMEYMUNLAR (Cercopithe cidae) – primatlar dәstәsindәn ensizburun meymunlar fәsilәsi. Afrikanın Erkәn Miosen qalıqlarından mәlumdur. Bәdәninin uz. 32–110 sm, quyruğu 2–103 sm-dir (maqotlar quyruqsuzdur). Kütlәsi 54 kq-adәk (mandrillәrdә) olur. Erkәklәri, adәtәn, dişilәrindәn iridir. Ön әtrafları arxa әtraflarından bir qәdәr uzundur. Tükü uzun, ipәk kimi, әsasәn, qonurumtul, yaxud qaramtıldır (bәzәn ağ-sarı, yaxud yaşılımtıl). Uzun tüklәr çox vaxt başında daraq, balaca yal, yaxud bığ әmәlә gәtirir. Tüksüz nahiyәlәri – üzü vә oturaq döyәnәklәri çox әlvandır (qırmızı, yaxud göyümtüldür). Bәzi növlәrin erkәklәri dişilәrә nisbәtәn daha әlvan rәnglidir, baş beyin vә ovurd kisәlәri inkişaf etmişdir. Köpәk dişlәri, xüsusәn erkәklәrdә iridir. Ə. üçün yaxşı görmә, eşitmә vә iybilmә sәciyyәvidir. Ə. primatlar arasında әn çoxsaylı fәsilәdir. Qazıntı halında 15 cinsi (Victoria pithecinae yarımfәsilәsi), 2 müasir yarımfәsilәsi (Cercopitecinae vә Colobinae) vardır. Cәmi 21 cinsi vә 132 növü birlәşdirir. Böyük Sәhradan c.-a vә ş.-ә doğru Afrikada, Cәnubi, Cәnub-Şәrqi vә Şәrqi Asiyada, Avropanın ucqar c.-unda (Cәbәlüttariq) yayılmışdır. Cәngәlliklәrdә, manqr bataqlıqlarında, düzәnliklәrdә, sәhraların daşlı yerlәrindә yaşayırlar. 4000 m-әdәk yüksәklikdә dağlara qalxırlar. Pavianlar, әsasәn, yerdә, makakalar hәm yerdә, hәm dә ağaclarda, qalan növlәr isә başlıca olaraq ağaclarda yaşayırlar. Demәk olar ki, Ə.-ın hamısı yaxşı üzür. Əksәriyyәti gündüz fәaldır. Müxtәlif sәslәr vә mimikalarla öz aralarında ünsiyyәt saxlayırlar. Adәtәn, ailә qruplarında (bәzәn 50-yәdәk vә daha çox fәrddәn ibarәt sürülәrә rast gәlinir) birlәşirlәr. Cinsi yetkinliyә 3–5 yaşında çatırlar. İlboyu çoxalırlar. Çoxalma dövründә erkәklәr dişilәrә görә vuruşurlar. Boğazlıq dövrü 150–200 gündür. 1, yaxud 2 bala doğulur. Heyvanxanada 30–40 il yaşayırlar. Laboratoriya tәdqiqatları vә әhlilәşdirmә (sirk heyvanları kimi) obyektidir.