ƏRAZİ SULARI, әrazi dәnizi – dövlәtin sahilinә, yaxud daxili sularına bitişik olan, dövlәt әrazisinin tәrkib hissәsini tәşkil edәn dәniz zolağı. Ə.s., onların üst sәthi vә dibi, üzәrindәki hava sahәsi sahilboyu dövlәtin suverenitetindәdir. Ə.s.-nın rejimi Dәniz hüququ üzrә 1982 il BMT Konvensiyası (16.11.1994 ildә qüvvәyә minmişdir), hәmçinin ayrı-ayrı dövlәtlәrin daxili qanunvericiliyi ilә tәnzimlәnir. Ə.s. daxili suların sәrhәdlәrindәn, bazis xәtlәri adlanan xәtdәn başlanır. Beynәlxalq hüquq Ə.s.-nın eninin 12 dәniz milindәn artıq olmasına yol vermir, lakin bәzi dövlәtlәr (mәs., Braziliya, Peru, Uruqvay, Ekvador vә s.) birtәrәfli qaydada daha geniş Ə.s. müәyyәn etmişlәr. Bütün dövlәtlәrin ticәrәt gәmilәri Konvensiyaya riayәt etmәklә (keçid sahilyanı dövlәtin tәhlükәsizliyinә xәlәl gәtirmәmәlidir, sualtı qayıqlar yalnız suüstü vәziyyәtdә keçә bilәrlәr vә s.) Ə.s.-ndan dinc ötüb-keçmәk hüququna malikdir. Bir sıra dövlәtlәrin (o cümlәdәn Azәrb. Resp.) daxili qanunvericiliyinә әsasәn, xarici hәrbi gәmilәr yalnız әvvәlcәdәn müvafiq razılıq aldıqdan sonra onların Ə.s.-ndan keçә, yaxud daxili sularına daxil ola bilәrlәr. Əksәr dövlәtlәrin Ə.s.-nda xarici gәmilәrin dәniz ovçuluğu, hidroqrafik işlәr vә tәdqiqatlar aparılması (xüsusi saziş olmadan) qadağan edilmişdir (bax hәmçinin Dәniz hüququ).