ƏRBƏİN – 1) şiәlikdә Aşuradan qırx gün sonra, Sәfәr ayının iyirminci günü keçirilәn dini mәrasim. Hәmin gün Kәrbәla döyüşündә (680) şәhid olmuş Hüseyn ibn Əli vә onun tәrәfdarları yad edilir. 2) Müsәlman Şәrqindә mündәricatında 40 rәqәmi әsas götürülәrәk yazılan, yaxud toplanan әsәrlәrin ümumi adı. “Ə.” daha çox Mәhәmmәd peyğәmbәrin ixtiyari seçilmiş qırx hәdisinin toplularına deyilir. Müxtәlif növ Ə.-lәr var: qırx hәdis topluları (әl-hәdis әl-әrbәun); kәlam mәsәlәlәrini әhatә edәn Ə.-lәr (Fәxrәddin Razinin “Kitabül-әrbәin fi üsulid-din” әsәri, hәmin әsәrin Siracәddin Urmәvi tәrәfindәn “Lübabül-әrbәin fi üsulid-din” adı ilә edilmiş xülasәsi vә s.); kәlam, fiqh vә әxlaq kimi ortaq mövzulara dair Ə.-lәr (Qәzzalinin “Kitabül-әrbәin fi üsulid-din”i vә s.); seçilmiş qırx ayәnin tәfsirindәn ibarәt Ə.-lәr (Oxçuzadә Mehmed Əfәndinin “Ən-Nәzmül-mübin fil-ayatil-әrbәin”i); tәsәvvüf mәsәlәlәrinә dair Ə.-lәr (Mәruf Kәrxinin “Fütuhu-әrbәin”, Əbu Nueym әl-İsfahaninin “Kitabül-әrbәin әla mәzhәbil-mütәhәqqiqin minәs-sufiyyә”, Mәhәmmәd ibn Hüseyn Sülәminin “Əl-Ərbәun fit-tәsәvvüf” әsәrlәri vә s.); bioqrafik Ə.-lәr (Xişavәnd әt-Tusinin “Əl-Ərbәun fi mәnaqibil-füqәra vәs-salihin”i vә s.). 3) Qırx gün inzivaya çәkilib ibadәtlә mәşğul olmağı ifadә edәn tәsәvvüf termini (bax hәmçinin Çillә). Quranda 4 ayәdә xatırlanır. İkisindә Musanın qırx gün Tur dağında qalması (2:51; 7:142), birindә müqәddәs torpaqlara girişin israillilәrә 40 il yasaq edilmәsi (5:26), digәrindә isә insanın 40 yaşına çatdıqda kamilliyә yetişmәsi (46:15) göstәrilir.