ƏRƏB ATI, cins әrәb atı – әn qәdim minik atı cinslәrindәn biri. 7 әsrdә әrәb istilaları zamanı Ərәbistan y.-a.-nda yetişdirilmiş, Avropaya orta әsrlәrdә gәtirilmişdir. Qiymәtli minik (cins minik atı, Terek atı) vә löhrәm yerişli (Orlov löhrәmi) cinslәrinin yaradılmasında böyük rolu olmuşdur. Çox iri deyil (cidov hünd. 150–160 sm), zәrif skeletli (bilәk qucumu 18–20 sm) vә bәrk әzәlәlidir. Rәngi, әsasәn, kürәn, kәhәr, bozdur. Mәhsuldarlığı yüksәkdir. 3 yaşından müxtәlif at idmanı növlәrindә istifadә edilir. Hәrәkәti gözәldir. Az tәlәbkardır, uzun mәsafәlәrә (100–160 km) qaçışda dözümlüdür. Müasir Ə.a.-nın cәldliyi 1000 m-dә 1 dәq. 5,4 san, 10.000 m-dә 15 dәq. 25 san-dir. Damazlıq işi sürәtin vә 4 cinsdaxili tipin tәkmillәşmәsinә yönәldilmişdir. Ə.a. Ümumdünya әrәb atıçılıq tәşkilatına (World Arabian Horse Orqanization) daxil olan 70 ölkәdә yetişdirilir. Bәzi ölkәlәrdә başqa minik atları cinslәrinin (Budyonnı atı, Don atı vә digәr) keyfiyyәtinin yaxşılaşdırılmasında Ə.a.-ndan istifadә olunur.
Яряб аты.