ƏRƏB DÖVLƏTLƏRİ LİQASI (ƏDL; Camiәt әd-duvәl-әl-әrәbiyyә) – müstәqil әrәb dövlәtlәrini vә әrәb dilini rәsmi dillәrdәn biri kimi qәbul edәn bir sıra qeyri-
әrәb dövlәtlәrini birlәşdirәn regional siyasi tәşkilat. 22 üzv-dövlәtdәn ibarәtdir. Əsası 22 mart 1945 ildә Misir, Suriya, İraq, Livan, Transiordaniya (1946 ildәn İordaniya) vә Sәudiyyә Ərәbistanı nümayәndәlәrinin Qahirә konfransında qoyulmuş, hәmin ilin mayında Yәmәn Liqaya qoşulmuşdur. Müstәqillik qazandıqdan sonra Liviya (1953), Sudan (1956), Tunis vә Mәrakeş (1958), Küveyt (1961), Əlcәzair (1962), Qәtәr, Bәhreyn, Oman vә Birlәşmiş Ərәb Əmirliklәri (1971), Mavritaniya (1973), Somali (1974), Cibuti Resp. (1977), Komor a-rı (1993) ƏDL-ә daxil olmuşlar. Fәlәstin Azadlıq Tәşkilatı (1988 ildәn Fәlәstin dövlәti) 1964 ildәn ƏDL-in işindә iştirak edir. Liqanın nizamnamәsi iştirakçı dövlәtlәr arasında münasibәtlәrin möhkәmlәndirilmәsini, siyasi fәaliyyәtlәrinin әlaqәlәndirilmәsini, istiqlaliyyәt vә suverenliyinin müdafiә olunmasını, әrәb ölkәlәrinin ümdә mәnafelәrindәn irәli gәlәn ümumi mәsәlәlәrә baxılmasını vә s. nәzәrdә tutur. Tәşkilat әrәb dövlәtlәrinin neftlә bağlı siyasәtinә, hәmçinin iqtisadi әmәkdaşlığına xüsusi diqqәt ayırır. 1950 ildә ƏDL-ә üzv-dövlәtlәr Müştәrәk müdafiә vә iqtisadi әmәkdaşlıq haqqında müqavilә imzalamış vә Birgә müdafiә şurasını (xarici işlәr vә müdafiә nazirlәrindәn ibarәtdir), hәmçinin Daimi hәrbi komissiyanı (baş qәrargah rәislәri vә onların nümayәndәlәrindәn ibarәtdir) yaratdılar. Hәmin ildә Liqaya BMT yanında müşahidәçi statusu verildi. 1960-cı illәrdәn ƏDL-in daxilindә ixtilaflar başladı. 1967 il Ərәb–İsrail müharibәsindә mәğlubiyyәtә uğradıqdan sonra Misir vә İordaniya İsraillә atәşkәs sazişi imzaladılar vә Əlcәzairin, İraqın, Fәlәstin Azadlıq Tәşkilatının sәrt tәnqidinә mәruz qaldılar. Suriyanın 1970 ildә İordaniyadakı, 1975 ildә Livandakı vәtәndaş müharibәlәrinә müdaxilәsi, Misirin 1977 ildә İsrail dövlәtini faktiki tanıması da digәr әrәb dövlәtlәri tәrәfindәn birmәnalı qәbul edilmәdi. 1979 il Misir–İsrail sülh müqavilәsinin imzalanmasından sonra Misirin ƏDL-dә üzvlüyü dayandırıldı vә ona qarşı sanksiyalar tәtbiq olundu. Liqanın mәnzil-qәrargahı Qahirәdәn Tunisә köçürüldü (1989 ildә Misirin üzvlüyü bәrpa edildi, 1991 ildә mәnzil-qәrargah yenidәn Qahirәyә qaytarıldı). 1977 ilin martında Qahirәdә ƏDL vә Afrika birliyi tәşkilatı әrәb vә Afrika dövlәtlәri başçılarının birgә konfransını keçirmiş, orada “Ərәb–Afrika әmәkdaşlığının tәşkili vә hәyata keçirilmәsi haqqında sәnәd” qәbul olunmuş, bu istiqamәtdә fәaliyyәtin koordinasiyası üzrә daimi komitә yaradılmışdı. Lakin 1990–91 illәr ABŞ–İraq müharibәsi ƏDL-dә yeni parçalanmaya sәbәb oldu. Sәudiyyә Ərәbistanı, Misir, Suriya, Mәrakeş antiiraq koalisiyasına dәstәk verdi, İordaniya, Yәmәn vә Liviya isә neytrallıq nümayiş etdirdi. 2005 ilin martında ƏDL-in Əlcәzair sammitindә müvәqqәti Ümumәrәb parlamenti (ilk sessiyası 27.12.2005-dә Qahirәdә keçirilmişdir) yaradıldı vә qәrara alındı ki, ilk 5 ildә parlament Fәlәstin dә daxil olmaqla, 22 әrәb ölkәsinin hәr birindәn 2 nümayәndә göndәrilmәklә formalaşdırılacaq; gәlәcәkdә birbaşa seçkilәr keçirmәk nәzәrdә tutulur. 2010–11 illәrdә әrәb dünyasında “Ərәb baharı” adını almış kütlәvi etirazlar dalğası ƏDL-dә növbәti fikir ayrılıqları doğurdu. 2011 ildә ƏDL Liviya vә Suriya hökumәtlәrinin öz vәtәndaşlarına qarşı zorakılıq tәtbiq etmәsini әsas gәtirәrәk, bu ölkәlәrin Liqadakı üzvlüyünü dayandırdı. Liqanın rәhbәr orqanı ildә iki dәfә (mart vә sentyabrda) xarici işlәr nazirlәri sәviyyәsindә çağırılan Liqa Şurasıdır. Hәr üzv әrazisindәn vә әhalisinin sayından asılı olmayaraq Şurada bir sәsә malikdir. Ölkәni adәtәn xarici işlәr naziri, yaxud daimi nümayәndә tәmsil edir. Şuraya sәdrlik üzvdövlәtlәrin siyahıda yerlәşmә ardıcıllığına görә (әrәb әlifbası qaydasında) dәyişir. Şuranın nәzdindә Birgә müdafiә şurası, Siyasi komitә, İqtisadi şura, Ərәb ölkәlәrinin silahlı qüvvәlәri baş qәrargah rәislәri komitәsi vә s. vardır. Ən azı iki dövlәtin çağırışı ilә növbәdәnkәnar sessiya toplana bilәr. Şuranın qәbul etdiyi qәrarlar yalnız onlara sәs verәn ölkәlәr üçün mәcburidir. Şuranın sessiyaları arasındakı dövrdә daimi icraedici orqan 5 il müddәtinә seçilәn Baş katibin başçılığı altında fәaliyyәt göstәrәn Katiblikdir. ƏDL-in vә Baş
katibin mәnzil-qәrargahı Qahirәdә yerlәşir. Tәşkilat Fransa, B.Britaniya, AFR, İspaniya, Avstriya, İtaliya, Belçika, İsveçrә, Yunanıstan, Kanada, ABŞ, Braziliya, Argentina, Meksika, Yaponiya, Çin, Hindistan, Keniya, Seneqal, Efiopiya vә Rusiya Federasiyasında nümayәndәlik, yaxud mәlumat bürolarına malikdir.