ƏRƏB SOSİALİST DİRÇƏLİŞ PARTİYASI, B ә ә s (ƏSDP; Hizb әl-Bәәs әlƏrәbi әl-İştiraki; hәrfi mәnası – dirçәliş) – ümumәrәb siyasi partiyası (1966 ilә qәdәr); İraqda (1968–2003) vә Suriyada (1966 ildәn) iqtidar partiyalarının adı.
Ümumәrәb ƏSDP 1947 ildә Dәmәşq ş.ndә M.Əflәq, S.Bitar vә Z.Ərsuzi tәrәfindәn yaradılmışdır. 1953 ildә Ərәb sosialist partiyası ilә birlәşәnә qәdәr Ərәb dirçәlişi partiyası (Hizb әl-Bәәs әl-Ərәbi) adlanırdı. Partiyanın ümumәrәb rәhbәrliyinin ilk vә sonuncu başçısı M.Əflәq olmuşdur. ƏSDP әrәblәrin siyasi vә mәdәni birliyini yaratmağı qarşısına mәqsәd qoymuşdu. İslam әrәb hәrәkatının formalarından biri kimi qәbul edilirdi. Partiya iqtisadi sahәdә sosialist görüşlәrin tәrәfdarı idi.
ƏSDP 1963 ilin fevral–martında İraqda vә Suriyada hakimiyyәtә gәldi (İraqda 1963 ilin noyabrında çevriliş nәticәsindә devrilmişdi). Suriyada nüfuz uğrunda mübarizәnin gәrginlәşmәsi nәticәsindә Birlәşmiş Ərәb Resp.-nın dağılmasından sonra S.Cәdidin başçılığı altında hәrbi dәstә 1966 ildә M. Əflәqi vә tәrәfdarlarını hakimiyyәtdәn uzaqlaşdırdı. Bundan sonra ƏSDPnin ümumәrәb rәhbәrliyinә faktiki olaraq son qoyuldu, Suriyada vә İraqda eyniadlı vә paralel tәşkilati strukturlara malik 2 partiya yarandı.
1970 ildә Suriyada ƏSDP-nin sol qanadı H.Əsәdin (2000 ilә qәdәr ƏSDP-nin baş katibi) başçılığı altında hakimiyyәtә gәldi. 1973 il konstitusiyasına әsasәn Suriya cәmiyyәtindә vә dövlәtindә ƏSDP-nin rәhbәr rolu möhkәmlәndirildi. 2000 ildәn Suriya ƏSDP-nin başçısı vәzifәsini Suriya prezidenti B.Əsәd tutur. 2001 ilin baharında Suriyada müxalifәtin kütlәvi çıxışları başladı ki, bu da hökumәti siyasi sistemdә islahatlar aparmağa mәcbur etdi.
İraqda ƏSDP 1968 ildә hakimiyyәtә gәldi. 1979 ildә S.Hüseyn partiya rәhbәri oldu. Eyni zamanda ölkәdә Suriya ƏSDPnin İraq şöbәsi fәaliyyәt göstәrirdi (Qutr әlİraq). Onun rәhbәrlәri (M.әş-Şeyx Razi, F.әr-Raui, M.Şәmsa) S.Hüseyn siyasәtinin millәtçilik tәmayülünә (mәs., kürdlәrә münasibәtdә), İran–İraq müharibәsinә (1980–88) qarşı çıxırdılar. 2003 ildә beynәlxalq koalisiya qüvvәlәrinin İraqa müdaxilәsi ilә әlaqәdar ƏSDP-nin bütün rәhbәrliyi gizli fәaliyyәtә keçdi. 2005 ildә yeni konstitusiyaya әsasәn ölkәdә “bәәs”dәn “tәmizlәmә” siyasәti hәyata keçirildi ki, bu da ƏSDP üzvlәrinin dövlәtdә yüksәk vәzifә tutmasını qadağan edirdi. Partiyanın sonuncu – 10-cu qurultayı 2005 ildә Suriyada keçirilmişdir.