ƏRƏBYENGİCƏ – Azәrb. Resp. Şәrur r-nunda (Nax. MR) kәnd. Ərәbyengicә ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 12 km c.-da, Arpaçayın sol sahilindә, onun Araza töküldüyü yerdәdir. Əh. 962 (2011); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, klub, ambulatoriya var.
Ə.-nin c. qurtaracağında, Araz çayından 200 m şm.-da qәdim yaşayış yeri aşkar edilmişdir. Sahәsi tәqr. 0,8 ha. İlk qazıntılar 1984–86 illәrdә aparılmışdır. Tәsәrrüfat işlәri nәticәsindә abidә dağıdılmış, yalnız 80–90 sm hünd.-dә mәrkәzi hissәsi salamat qalmışdır. Toplanmış materiallar burada Eneolit vә Kür-Araz mәdәni tәbәqәlәrinin mövcudluğunu göstәrir. Saman qatışıqlı gildәn hazırlanmış Eneolit keramikası kiçik fraqmentlәrdәn ibarәt olduğundan qab formalarını tәyin etmәk mümkün deyil. Yalnız qabların ağız kәnarlarının düz kәsilmәsi faktını qeyd etmәk olar. Hәm yaxşı, hәm dә zәif bişirilmiş nümunәlәr vardır, sәthlәri yüngülcә hamarlanmışdır. Bütövlükdә keramika daha çox I Kültәpә materiallarına yaxındır. Yaşayış yerindә işlәnmiş dәvәgözü (o b s i d i a n) qalıqlarına da tәsadüf edilmişdir.
Ə.-dә növbәti qazıntılar V.B.Baxşәliyev vә A.Q.Seyidov tәrәfindәn 2008 (aşkar edilmiş gil mәmulatı Kür-Araz mәdәniyyәti üçün sәciyyәvidir) vә 2013 (300 m2 әrazidә; Erkәn Tunc dövrünә aid kәrpicdәn dördkünc, oval vә dairәvi binaların qalıqları, kül yığını, heyvan sümüklәri, daşdan vә sümükdәn әmәk alәtlәri aşkar olunmuşdur) illәrdә aparılmışdır. Ümumilikdә arxeoloji materialların әksәriyyәti boz, qara, çәhrayı, sarı keramikadır. Nalşәkilli ocaq qurğularının üzәrindә sxematik insan tәsvirlәri var. Ə. yaşayış yeri e.ә. 5-ci–3-cü minilliklәrә aid edilir.