ƏRƏTNA BƏYLİYİ, Ə r ә t n a o ğ u l l a r ı b ә y l i y i – 1335–81 illәrdә Anadoluda mövcud olmuş bәylik. Banisi 1327–37 illәrdә Hülakuların Anadoluda canişini olan uyğur әsilli Ərәtna bәy idi. O, 1335 ildә Hülakular dövlәtindәki daxili çәkişmәlәrdәn istifadә edәrәk Elxanilәrdәn ayrılsa da, 1338 ildә Misir mәmlüklәrinә tabe olmuş, 1343 ildә yenidәn müstәqillik qazanaraq özünü sultan elan etmişdi. Ə.b.nin paytaxtı әvvәlcә Sivas, sonra isә Kayseri idi. 1343 ildә Sivas vә Ərzincan arasındakı Karabük adlı yerdә baş verәn vuruşmada Ərәtna bәy Şeyx Hәsәn Çobani vә müttәfiqi Süleyman xana qalib gәlәrәk nüfuzunu daha da möhkәmlәndirmiş vә demәk olar ki, Mәrkәzi Anadolunun hakiminә çevrilmişdi. Çiçәklәnmә dövründә Sivas, Kayseri, Amasya, Tokat, Çorum, Dәvәli, Karahisar, Ankara, Zilә, Canik, Ürgüp, Niğdә, Aksaray, Ərzincan vә Darәndә Ə.b.-nin hakimiyyәti altında idi.
1352 ildә Ərәtna bәyin vәfatından sonra hakimiyyәtә kiçik oğlu Mehmed Qiyasәddin gәldi. Böyük qardaşı Cәfәr tәrәfindәn tәzyiqlәrә mәruz qalan Mehmed 1354 ildә Qaraman bәyliyinә sığındı. Hakimiyyәtә Cәfәr İzzәddin gәtirildi. 1355 ildә baş verәn Yalnızgöz vuruşmasında Mehmed qardaşı Cәfәri mәğlub edәrәk yenidәn hakimiyyәtә qayıtdı. Az sonra Mehmedin vәziri Əli şahın qaldırdığı üsyan 1358 ildә mәmlüklәrin kömәyilә yatırıldı. 1365 ildә Mehmed sui-qәsd nәticәsindә Sivasda öldürüldü. Hakimiyyәtә onun azyaşlı oğlu Əli Əlaәddinin gәlmәsindәn istifadә edәn Qaraman bәyliyi Niğdәni vә Aksarayı әlә keçirdi. 1375 ildә qaramanlılar Kayserini tutandan sonra Əli Əlaәddin Sivasa qaçdı. Qazi Bürhanәddin tәrәfindәn şәhәrin geri alınmasından sonra Əli Əlaәddin vәzir tәyin olundu (1378). Bu tәyinat dövlәtin nüfuzunun artmasına tәkan verdi. 1380 ildә Əli Əlaәddin Amasya sәfәri zamanı vәba xәstәliyindәn vәfat etdi. Onun ölümündәn sonra yeddi yaşlı oğlu II Mehmed taxta çıxarılsa da, 1381 ildә Bürhanәddin Ərәtnaoğullarının hakimiyyәtinә son qoyaraq öz dövlәtini qurdu.