ƏRKİVAN – Azәrb. Resp. Masallı r-nunda qәsәbә. Ərkivan ә.d.-nin (Ərkivan qәs., Allahyarlı k. daxildir) mәrkәzi. R-n mәrkәzindәn 4 km c.-q.-dә, Masallı–Yardımlı avtomobil yolu kәnarında, Vilәş çayı sahilindәdir. Əh. 16820 (2015); dulusçuluq, әkinçilik vә maldarlıqla mәşğuldur. 4 tam, 1 ümumi orta mәktәb, uşaq bağçası, mәdәniyyәt evi, 2 kitabxana, tibb mәntәqәsi var.
“Ə.” sözünün etimologiyası ilә bağlı müxtәlif fikirlәr mövcuddur. Bәzi tәdqiqatçılara görә, Ə. farsca “qala yeri” demәkdir. Digәrlәri isә Ə.-ı Lәnkәran xanlığının mәşhur mahallarından olan “Dәştvәnd”lә eynilәşdirәrәk çöl kәnarı, dәniz kәnarı yer kimi izah edirlәr. Kәnddәn tapılmış lövbәr qalıqları da buranın dәniz kәnarı olması ehtimallarını güclәndirir. Ə.da Tunc dövrünә aid “Böyüktәpә”, “Xanış tәpәsi”, “Balacatәpә”, “Papuştәpә”, “Yekәtәpә”, “Ramazantәpә”, Dәmir dövrünә aid “Qaratikantәpә” kurqanları, orta әsrlәrә aid qәdim qәbiristan, 9–10 әsrlәrә aid qala, 19 әsrә aid Xan bulağı, Əkbәr bulağı, Mehdi bulağı, Sәadәt bulağı, Ramazan bulağı, Qılaküçә bulağı vә mәscid, dekorativ-tәtbiqi sәnәt nümunәlәrindәn daş qoç fiquru (19 әsr) var.