ƏRŞ (әr. الأرش– taxt, çardaq, dam), Ərşi-Rәhman – islam teologiyasında Allahın taxtı. Əhdi-әtiqdә peyğәmbәrlәr Mikeya (1Pad. 22:19), Yeşeya (Yeş. 6), Yezekel (Yez. 1) vә Daniyal (Dan. 7:9) “Allahın taxtı”ndan bәhs edirlәr, Əhdicәdiddә isә “göydәki taxt”dan (Vәhy 4), “bәşәr övladının oturacağı izzәtli taxt”dan (Mat. 25:31) vә s. bәhs olunur. Quranda müxtәlif mәnalarda dәfәlәrlә xatırlanan “Ə.” sözü Allah haqqında olan ayәlәrdә (9:129, 20:5, 23:116, 25:59 vә s.) Onun hakimiyyәt taxtını ifadә edir. Ə. Allahın yaratdığı әn әzәmәtli varlıq vә Onun bütün atributlarının tam şәkilli tәzahür mәrtәbәsidir. Bütün fiziki (şәhadәt alәmi) vә metafizik (qeyb alәmi) alәmlәri ehtiva edәn Ə. göyün әn son doqquzuncu tәbәqәsi, yaxud “Fәlәk-i әtlәs” dә adlandırılır (bax Fәlәk). Bәzi hәdis vә tәfsirlәrdә Ə.-in konkret mәkan bildirmәdiyi, Allahın sonsuz elm, qüdrәt vә әzәmәtinin göstәricisi olduğu qeyd edilir. Tәsәvvüf mәnbәlәrindә Ə. kamil insanın qәlbi ilә eynilәşdirilir.