ƏRTOĞRUL Cavid, Ərtoğrul Hüseyn Cavid oğlu (22.10.1919, Bakı – 14.10. 1943, Naxçıvan) – Azәrb. bәstәkarı. Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmiş (1940), Azәrb. Dövlәt Konservatoriyasında oxumuşdur (1941– 42, Ü.Hacıbәylinin sinfindә). İlk böyük әsәri fp. üçün yazılmış “9 variasiya”dır (1941–42; Üzeyir bәyә ithaf). Violin ilә fp. üçün poeması var (1941).
Nizaminin “Sevgili yar gәlmiş idi” qәzәlinә, N.Rәfibәylinin “Eşq olsun!”, türkmәn şairi Kәminәnin “Leylanın vәsfi”, T.Rәsizadәnin “Sәninlә olaydım” vә s. şeirlәrә romans vә mahnılar bәstәlәmişdir. 1941–45 illәr müharibәsi başlanarkәn “Cәbhәdәn mәktub” simfonik balladasını vә marşlar yazmışdır. “Şeyx Sәnan”, “Mәhsәti” operaları, bir sıra kamera vә instrumental әsәrlәri yarımçıq qalmışdır. 1939–42 illәrdә Azәrb. Dövlәt Konservatoriyasında Bülbülün rәhbәrlik etdiyi xalq musiqisini öyrәnәn elmi tәdqiqat kabinetindә çalışmış, burada musiqi folkloru nümunәlәrinin toplanmasında iştirak etmiş, 1941–42 illәrdә Konservatoriyanın nәzdindәki musiqi mәktәbindә dәrs demişdir. Ə.C. onlarla Azәrb. xalq mahnısının variantlarını nota salmış, Avropa vә rus bәstәkarlarının ayrıca notlar şәklindә çap olunan romans vә mahnılarını Azәrb. dilinә tәrcümә etmişdir. Şeirlәri, pyesi vә rәsmlәri var.