ƏRTOĞRUL Möhsün (28.2.1892, İstanbul – 29.4.1979, İzmir) – türk teatr vә kino aktyoru, rejissor, teatr xadimi. İlk tәhsilini Tәfәyyüz mәktәbindә aldıqdan sonra Topbaşı rüştiyyәsindә, Mәrcan edadisindә oxumuşdur. İlk dәfә sәhnәyә 1909 ildә Bürhanәddin teatrında K.Doylun “Şerlok Holms” әsәri әsasında hazırlanmış tamaşada Bob rolunda çıxmışdır. 1911–12 illәrdә Parisdә oxumuş, İstanbula qayıtdıqdan sonra U.Şekspirin “Hamlet” әsәrini sәhnәlәşdirmiş vә Hamlet rolunu oynamışdır. 1913 ildә Bursada Millәt teatrı adı ilә İsmayıl Qalib Arcan, Behzad, Butak vә Kamal Emin Bara ilә birlikdә yaratdığı Yeni Turan Tәmsil Heyәtindә xarici dram әsәrlәrini sәhnәlәşdirmiş, hәmçinin aktyor kimi çıxış etmişdir. 1914 ildә “Darülbәdayei-Osmani” adı ilә qurulan (sonradan İstanbul Şәhәr Teatrı) Musiqi vә Teatr Mәktәbindә müәllim işlәmişdir. 1916–20 illәrdә Berlin dram teatrlarında çalışmış, alman filmlәrindә çәkilmişdir. Türkiyәnin ilk özәl film şirkәti olan “Kamalfilm” studiyasının baş rej.-u olmuşdur (1921–24). Ə.-un çәkdiyi filmlәr: “Qara lalә bayramı” (1918), “Şeytana itaәt edәnlәr” (1918), “Samsun” (1919), “İstanbulda bir faciәieşq” (1922), “İstanbulda iztirab” (1922) vә s. Rol aldığı filmlәr: “Boğaziçi sirri” (1922), “İztirab” (1922), “Atәşdәn köynәk” (1923), “Qız qalasında bir faciә” (1923), “Tamilla” (1925), “Spartak” (1926), “Beş dәqiqә” (1926)”, “Ankara poçtu” (1928), “Şәhvәt qurbanı” (1940), “Qısqanc” (1943) vә s. 1925–27 illәrdә Sovetlәr Birliyinә gәlәn rej. N.Hikmәtin vasitәsilә burada kino vә teatr dünyasının mәşhur simaları ilә tanış olmuş vә bir neçә film yaratmışdır (“Tamilla” vә “Spartak” filmlәrinin bir hissәsini Bakıda – Bibiheybәtdә çәkmişdir). Ə. 1928–41 illәrdә böyük film şirkәti olan “İpәkfilm”dә “İstanbul küçәlәrindә” (1931), “Millәt oyanır” (1932) vә s. ilk sәsli filmlәrә rej.-luq etmişdir. 1947 ildә yaranmaqda olan Dövlәt Teatrında çalışmağa başlayan Ə. sonrakı fәaliyyәtini teatr sәnәtinin inkişafına yönәltmişdir. 1947 ildә Ankarada Kiçik Teatr, 1948 ildә Böyük Teatr yaratmışdır. “Komissarın gәlişi” tamaşasında Müfәttiş rolunda son dәfә sәhnәyә çıxmışdır. 1958–66 illәrdә İstanbul Şәhәr Teatrında baş rej. vәzifәsindә çalışmışdır. Üsküdar, Kadıköy (1960–61), Zeytinburnu (1965) teatrlarını açmışdır. 1971 ildә Türkiyә Cümhuriyyәti Dövlәt Mәdәniyyәt mükafatına layiq görülmüşdür.