ƏRTOĞRUL BƏY ibn Gündüz Alp, Ə r t o ğ r u l q a z i (tәqr. 1198–1281) – 13 әsrdә Kiçik Asiyaya (Van gölü bölgәsindә Əhlәt) gәlmiş oğuz tayfasının başçısı. Oğuzların qayı boyundandır. Osmanlı dövlәtinin banisi Osman Qazinin atasıdır. Onun haqqında 15 әsrin әvvәlindә yazılmış Osmanlı salnamәlәri mәlumat verir. 13 әsrin әvvәllәrindә Əhlәt әmirlәri ilә birlәşәn qayı oğuzları gürcülәrә vә Trapezund imperiyasına qarşı vuruşmuşdular. Lakin Əhlәtin Əyyubilәrin, sonra isә monqolların әlinә keçmәsi nәticәsindә Mardindә qayı boyundan olan Artuklulara (M a r d i n A r t u k l u l a r ı) qatıldılar. Atasından sonra hakimiyyәtә gәlmiş Ə.b. qardaşı Dündar bәy ilә q.-ә doğru hәrәkәt etmiş, Sivas yaxınlığında sәlcuqların monqollar üzәrindә qәlәbә çalmasında әhәmiyyәtli rol oynamışdır. Lakin 15–16 әsrlәrdә yaşamış Osmanlı tarixçisi Mehmed Nәşri “Cihannüma” әsәrindә Ə.b.-in xarәzmşahlara qarşı Yassıçәmәn vuruşmasında (1230) Əlaәddin Keyqubadın tәrәfindә döyüşdüyünü qeyd edir. Əlaәddin Keyqubadın Ə.b.-ә uc (sәrhәd boyu torpaq payı) kimi verdiyi Ankara yaxınlığındakı Qaracadağ vә Sögüt sonralar Osmanlı dövlәtinin özәyi olmuşdur. Ə.b. 1231 ildә Əlaәddinin Bizans yürüşündә iştirak etmiş, onun süvari dәstәsi Nikeya imperatoru II Feodor Laskarisin qoşunlarını mәğlubiyyәtә uğratmışdı. Ərazilәrini genişlәndirmәklә vә Bizansın sәrhәdyanı bölgәlәrindә mәskunlaşmış uc bәylәrini dә öz tәrәfinә çәkmәklә qayı türklәrini Sögütdә bir yerә toplamışdı.