ƏRUZ VƏZNİ (عروض – şeirdә ölçü, vәzn) – әrәb poeziyasında yaranmış, Yaxın vә Orta Şәrqin bir sıra ölkәsindә yayılmış şeir vәzni. İslamdan әvvәl vә sonra әrәb şeirindә işlәnәn Ə.v.-ni, islamiyyәtlә bağlı olaraq әrәb mәdәniyyәti, dili vә әdәbiyyatının Şәrq ölkәlәrindә yayılması nәticәsindә farslar 9 әsrdәn, türkdilli xalqlar isә 11 әsrdәn işlәtmişlәr. Farslar vәznin әrәblәrdәki 19 bәhrini yox, fars dilinә, ahәnginә uyğun 14 bәhrini tәtbiq etmişlәr. Azәrb. dilindә işlәnәn Ə.v. dә dilin tәbiәtinә, ahәnginә uyğunlaşdırılmış, müәyyәn dәrәcәdә sadәlәşdirilmişdir. Bu vәzni ilk dәfә elmi şәkildә әrәb filoloqu vә musiqişünası Xәlil ibn Əhmәd (8 әsr) sistemlәşdirmişdir. Sonralar Ə.v. ilә bağlı Ə.-Ç.Ənsari, S.Sәkkaki, N.Tusi, Q.Razi, Ə.Cami, Ə.Nәvai, İ.Ə.Daşköprüzadә vә b.-ları elmi әsәrlәr yazmışlar. Əruzun bütün vәzn növlәri fe (ف), ayn (ع) vә lam (ل) – üzәrindә qurulmuşdur. Üç әsas hәrfә derivatlar vasitәsilә yeddi hәrf dә әlavә edilmiş vә bu on hәrf [ا (a), ت (t), س (s), ع (‘), ف (f ), ل (l), م (m), ن (n), و (u), ی (i)] üzәrindә әruzun bütün tәfilәlәri tәrtib olunmuşdur. Ə.v.-nin әsasını tәfilә, tәfilәnin әsasını isә rüknlәr tәşkil edir. Rüknlәrin müxtәlif şәkildә birlәşmәsindәn 8 әsli tәfilә (fә’Ulün, fA’ilün, mәfA’İlün, fA’ilAtün, müstәf’ilün, müfA’әlәtün, mütәfA’ilün, mәf’UlAtü), onlardan isә zihaf adlanan dәyişilmәlәr vasitәsilә 70-ә qәdәr törәmә tәfilә yaradılmışdır. Hәr tәfilә misranın bir bölümünün ölçüsüdür. 2,3,4 tәfilә birlәşәrәk ikibölümlü, üçbölümlü vә dördbölümlü misraların qәliblәrini әmәlә gәtirir. Bu prinsiplә qurulmuş 70-dәk tәfilә әsasında Ə.v.-nin işlәnәn 19 bәhri (tәvil, mәdid, bәsit, vafir, kamil, hәzәc, rәcәz, rәmәl, sәri’, münsәrih, xәfif, müzare’, müqtәzәb, müctәs, mütәqarib, mütәdarik, cәdid, qәrib, müşakil) yaradılmışdır. Azәrb. şeirindә Ə.v.-nin 12 bәhri (hәzәc, rәmәl, rәcәz, müctәs, müzare, mütәqarib, münsәrih, xәfif, sәri’‚ mütәdarik, kamil, müqtәzәb) işlәdilmişdir. Hәzәcin 47, rәmәlin 75, rәcәzin 24, müctәsin 18, müzarenin 15, mütәqaribin 12, münsәrihin 23, xәfifin 16, sәri’nin 6, mütәdarikin 21, kamilin 6, müqtәzәbin 3 qәlibi vardır. Türkdilli poeziyada Ə.v.-ndә ilk әsәr Yusif Xas Hacibin “Qutadqu bilik” (“Xoşbәxtlik bağışlayan kitab”, 11 әsr) poemasıdır. Azәrb. şairlәrindәn Nizami, Xaqani, Füzuli, Q.Tәbrizi, S.Ə.Şirvani, Ə.Vahid vә b.-ları bu vәzndә gözәl әsәrlәr yaratmışlar.
Əd.: Əkrәm Cәfәr. Əruzun nәzәri әsasları vә Azәrbaycan әruzu. B., 1977; Mir Cәlal, Xәlilov P. Ədәbiyyatşünaslığın әsasları. B., 1988; İracoğlu M., H ü seynli Ə. Əruzu necә öyrәnmәli? B., 2004; Quliyev T. Əruz. B., 2011.