ƏRZURUM ƏMƏLİYYATI (1916) – Birinci dünya müharibәsi (1914–18) zamanı Rusiya–Qafqaz ordusunun (komandanı gen. N.N.Yudeniç idi) hücum әmәliyyatı (10.1.1916–2.3.1916). Müttәfiq qoşunların Dardanel әmәliyyatındakı (1915– 16) uğursuzluğundan sonra Qafqaz ordusuna (tәqr. 290 min nәfәr, 338 top, 150 yük avtomobili vә 20 tәyyarә) 3-cü türk ordusunu (komandanı Abdulla Kәrim paşa idi; tәqr. 134 min nәfәr, 122 top) mәğlub edib ona kömәk gәlәnә qәdәr körfәzlәri tutmaq tapşırılmışdı. Rusiyanın 2-ci Türküstan korpusu da 1915 il yanvarın 10-da Oltu istiqamәtindә 10-cu türk korpusu üzәrinә hücuma keçmiş, yanvarın 12-dә 1-ci Qafqaz korpusu Sarıqamış istiqamәtindә, ordunun ehtiyat qüvvәlәri isә 11-ci vә 9-cu türk korpusları üzәrinә hücuma keçmişdi. Türkiyә komandanlığı döyüşә öz ordusunun ehtiyat qüvvәlәrini daxil etsә dә, yüksәk dağlıq vә 30°C şaxtalı hava şәraitindә rus qoşunlarının hücumunun qarşısını ala bilmәmişdi. 1916 il yanvarın 14-dә Köprüköy r-nunda türk cәbhәsi yarılmışdı. Yanvarın 17-dә mühasirәyә düşmәk tәhlükәsi ilә üzlәşәn türk qoşunları geri çәkilmişdilәr. Yanvarın 21-dә rus qoşunları Ərzurum qalasına yaxınlaşmış, fevralın 12dә qalaya ümumi hücuma başlamış vә fevralın 16-da türklәrin mühüm kommunikasiya vә ehtiyat bazasının yerlәşdiyi, strateji әhәmiyyәtli Ərzurum qalasını almışlar. Qalanın alınması Türkiyәnin içәrilәrinә doğru yolun açılmasına şәrait yaratmışdı. 8 min türk әsgәri әsir alınmış vә 315 top әlә keçirilmişdi. Türk qoşunlarının tәqibi martın 2-dәk davam etmişdi. Rus qoşunlarının Ə.ә.-nın ümumi miqyası 150 km-dәn çox mәsafәni әhatә edirdi. Cәbhә xәtti Ərzurumdan 70–100 km q.-dә sabitlәşmişdi. Türkiyә qoşunları tәqr. 79 min itki (o cümlәdәn yaralanan vә әsir düşәn 13 min nәfәr) vermişdi. Ruslardan 2339 ölәn vә 14,7 min yaralanan vә donan vardı. Ə.ә.nda rusların uğurunun bir sәbәbi dә ingilis qoşunlarının Misirdә vә Mesopotamiyada türklәrin Qafqaz cәbhәsinә qüvvә göndәrmәsinә mane olmaları idi.