ƏSAS FONDLAR – istehsal-tәsәrrüfat tәşkilatı hüdudlarında maddi formasını dәyişmәdәn fәaliyyәt göstәrәn, öz dәyәrini әvvәlcәdәn tәyin edilmiş hissәlәrlә müәyyәn olunmuş vaxt әrzindә yeni yaradılmış mәhsulun üzәrinә keçirәn bütün әmәk vәsaitlәrinin pulla ifadәsi. Əsas istehsal fondlarına daxildir: bina, inşaat, ötürücü qurğular, güc vә iş maşınları vә avadanlıqları, istifadәsi uzunmüddәtә nәzәrdә tutulmuş alәtlәr, istehsal vә tәsәrrüfat inventarı, mәhsuldar vә işlәk heyvanlar (qaramal vә s.), çoxillik bitkilәr. Əsas istehsal fondları ilkin dәyәrlәrinә әsasәn qiymәtlәndirilir: alınma vә ya istismara verilmә zamanı balansa daxil olan dәyәr; müasir şәrtlәrdә onların yenidәn istehsalı zamanı fondların dәyәrini müәyyәn edәn vә fondların mәnәvi aşınmasını nәzәrә alan vә adәtәn әsas fondların yenidәn qiymәtlәndirilmәsi ilә hesablanan bәrpa dәyәri; ilkin dәyәrlә aşınmanın hesablanmış hәcmi arasındakı fәrqi özündә ifadә edәn qalıq dәyәri. Əsas istehsal fondlarının aktiv hissәsi (bura – güc vә işçi maşınları, alәtlәr, tәnzimlәyici cihazlar, hesablayıcı texnika, nәql. vasitәlәri daxildir) fәrqlәndirilir. Mәhsul istehsalının hәcmi birbaşa olaraq әsas istehsal fondlarının aktiv hissәsinin hәcmindәn asılıdır. Əsas istehsal fondlarının passiv hissәsinә – bina, qurğu vә inventar, daha doğrusu, fondların normal istehsal şәraiti yaradan hissәsi aiddir. Digәr qeyri-istehsal fondlarına binanın vә istehsalda iştirak etmәyәn müәssisәnin şöbәlәrinin inventarlarının (yaşayış yeri, bina, klublar, sanitar vә sәhiyyә tәsisatları, kadrların hazırlanması üçün nәzәrdә tutulmuş mәkanlar vә onlarda yerlәşәn inventarlar) dәyәrini aid etmәk olar.