ƏSAS LÜĞƏT FONDU – lüğәt tәrkibinin әn çox sabit vә ümumxalq sәciyyәli hissәsi. Fonda real alәmә mәxsus әşya, hәrәkәt vә proseslәrin ümumişlәk adları daxildir. Ə.l.f.-nun әhatә etdiyi sözlәrә aid sahәlәr: tәbiәtlә bağlı әşya vә hadisәlәrin adları; canlılar alәminә mәxsus sözlәr; bitkilәr alәminә mәxsus sözlәr; әmәk alәtlәrinin adlarını bildirәn sözlәr; әmәk prosesi ilә bağlı sözlәr; ev-mәişәtlә әlaqәdar sözlәr; qida vә yeyinti mәhsullarının adları; sәnәtpeşә bildirәn sözlәr; әlamәt, keyfiyyәt, xüsusiyyәt bildirәn sözlәr; hal vә hәrәkәt bildirәn sözlәr. Ə.l.f.-na әvәzliklәr, saylar, qoşmalar, bәzi bağlayıcılar da daxil edilә bilәr. Daxil olan vahidlәrin başlıca әlamәti onların sabitliyi, uzun әsrlәr boyu yaşamasıdır. Bununla belә, zaman keçdikcә cәmiyyәtin inkişafı ilә әlaqәdar hәmin sözlәrdә dә dәyişikliklәr baş verir, onların bir qismi işlәklik dәrәcәsini itirir, Ə.l.f.-dan çıxır, әvәzindә buraya yeni sözlәr әlavә olunur. Ə.l.f.-nun zәnginlәşmәsi daha çox dilin daxili imkanları hesabına mümkün olur.