ƏSƏD Bәşәr (d.11.9.1965, Dәmәşq) – Suriya dövlәt vә siyasi xadimi. H.Əsәdin oğludur. İbtidai vә orta tәhsilini Dәmәşqdә “Hürriyyә” elit әrәb-fransız liseyindә almışdır. Dәmәşq Un-tinin tibb fakültәsini bitirmişdir (1988). İxtisasca oftalmoloqdur. Dәmәşqdә “Tişrin” Hәrbi Akademiyasında hәkim-oftalmoloq işlәmişdir (1988–92). 1992–94 illәrdә Londonda Müq. Mariya Xәstәxanasının nәzdindәki Qәrb Göz Oftalmologiya Hospitalı mәrkәzindә ordinator kimi tәkmillәşdirmә kursu keçmiş, ingilis vә fransız dillәrinә mükәmmәl yiyәlәnmişdir. Suriyanın Homs ş.-ndә Hәrbi Akademiyada tәhsil almışdır (1994–98). 1995 ildә kapitan hәrbi rütbәsindә tank batalyonunun komandiri olmuş, sonra quru qoşunlarda Respublika qvardiyasına başçılıq etmişdir. 1999 ilin yanvarında polkovnik rütbәsinә layiq görülmüşdür. ƏSDP (Bәәs) partiyasının baş sәdri (2000 ildәn) olmuşdur. Ə. gen. E.Lahudun Livanda hakimiyyәtә gәlmәsindә hәlledici rol oynamışdır. Atası H.Əsәdin ölümündәn dәrhal sonra ona gen.-l. rütbәsi (2000) verilmiş vә Ali Baş komandan postuna yüksәlmişdir. 2000 ilin iyulun 10da referendum әsasında keçirilәn parlament seçkilәrindә sәslәrin 97,29%-ini toplayaraq, rәsmәn vә alternativsiz Suriyanın prezidenti seçilmişdir. Atası H.Əsәdin xarici (xüsusilә xarici dövlәtlәrin müdaxilәsinә yol verilmәmәsi) vә daxili siyasәtinin әsas istiqamәtlәrini davam etdirmişdir. O, sәrt idarә rejimi yaratmaqda, insan hüquqlarına saymazyana yanaşmaqda, sәthi iqtisadi islahatlar aparmaqda, rüşvәtxorluğun yayılmasına rәvac vermәkdә, yüzlәrlә siyasi mәhbusu hәbs-dәn azad etmәkdә vә hәrbi cinayәtlәrdә, terrorda, döyüş әmәliyyatlarının gedişindә kimyәvi silahdan istifadәdә vә s.-dә ittiham olunmuşdur. Ə. sahibkarlığın, xüsusilә dә bank sektorunun inkişafı istiqamәtindә addımlar atır, Avropa ilә azad ticarәtin qurulması üçün razılıq әldә edir, neft sahәsinә xarici sәrmayәnin cәlbini sürәtlәndirirdi. İsrail vә ABŞ әleyhinә çıxışları ilә diqqәti öz üzәrinә çәkmişdir. 2003 ildә әvvәlcә İraqın prezidenti S.Hüseyn rejimini devirmәk üçün BMT Tәhlükәsizlik Şurası tәrәfindәn onu silahla tәmin etmәmәk paktına qoşulsa da, sonradan İraqın koalisiya qüvvәlәri tәrәfindәn işğalının әleyhinә olduğu haqda bәyanat vermişdir. Bundan sonra ABŞ, Aİ, İsrail vә Fransa Ə.-i Fәlәstinin Hәmas vә İslami Cihad hәrәkatlarına, hәmçinin Livanın Hizbullah hәrәkatına maddi-texniki vә hәrbi dәstәk vermәkdә, 11 sentyabr (2001) hadisәlәrindәn sonra terroru dәstәklәmәkdә ittiham etmişlәr. ABŞ vә bir sıra xarici dövlәtlәr tәrәfindәn Ə.-in hakimiyyәtdәn getmәsi mәqsәdilә iqtisadi sanksiyalar tәtbiq olunmuşdur. Onun fiziki cәhәtdәn mәhv edilmәsi vә devrilmәsi üçün çoxlu cәhdlәr göstәrilmiş, silahlı müxalifәt qüvvәlәri tәrәfindәn 25 mln. dollar mәblәğindә pul mükafatı ayrılmışdı. 2007 il mayın 27-dә keçirilәn alternativsiz prezident seçkilәrindә 97,62% sәs toplayaraq 7 il müddәtinә ikinci dәfә Suriya prezidenti seçilmişdir. 2008 ildә Ə. Türkiyәnin vasitәçiliyi ilә Holan yüksәkliklәri ilә bağlı İsraillә müzakirәlәrin aparılmasına razılıq vermişdir. 2010 ildә tәdris müәssisәlәrindә oxuyan qadınların niqabla gәlmәsini qadağan etmişdir. Müxalif qüvvәlәrin 2011 ilin yanvarından hakimiyyәtdә islahatlar keçirmәyi tәlәb edәn etirazlarından sonra Suriyada vәtәndaş müharibәsi başlamışdı. Ə. Suriyadakı dini tәriqәtlәr vә cәrәyanlar arasındakı münaqişәlәri nizama salmağa sәy göstәrmişdir. 2012 il fevralın 26-da Suriyada yeni konstitusiyanın qәbulu barәdә referendum keçirilmişdir. Mayın 7-dә isә ölkәdә ilk dәfә olaraq çoxpartiyalılığa әsaslanan parlament seçkilәri baş tutmuşdur. Suriya müxalifәti İstanbulda Ə.-ә qarşı Milli Şura yaratmışdır. Ə. ölkәdә yaşayan 300 min kürdün Suriya vәtәndaşı pasportu ilә tәmin olunması barәdә sәrәncam vermişdir. Ölkәdә 1963 ildәn qüvvәdә olan fövqәladә vәziyyәtin lәğv edilmәsi, Suriyanın kimyәvi silahlardan istifadә edilmәmәsi barәdә konvensiyaya qoşulması haqqında fәrmanlar imzalamışdı. Ə. Krım böhranı zamanı V.Putinә teleqram göndәrәrәk, Rusiyanı dәstәklәdiyini ifadә etmişdir. 2014 il iyunun 3-dә keçirilәn alternativli prezident seçkilәrinin rәsmi nәticәlәrinә görә 10,2 mln. әhalinin (88,7%) sәsini toplayaraq yenidәn prezident seçilmişdir. Seçkilәr vәtәndaş müharibәsi şәraitindә keçirilmiş vә silahlı Suriya müxalifәti, hәmçinin onu dәstәklәyәn dövlәtlәr tәrәfindәn tanınmamışdır. Ə. 2015 il oktyabrın 21-dә Moskvaya gözlәnilmәz sәfәr edәrәk, Rusiya prezidenti V.Putinlә beynәlxalq terrorçuluğa, İŞİD-ә qarşı mübarizә vә s. mәsәlәlәrlә bağlı danışıqlar aparmışdır.