ƏSƏDOV Mәmmәdhüseyn Xudadat oğlu (1899, Hәştәrxan – 1989, Bakı) – Böyük Vәtәn müharibәsi iştirakçısı, kәşfiyyatçı. 19 yaşında Qırmızı ordunun xüsusi tәyinatlı hәrbi hissәsindә xidmәtә başlamışdır. Müharibә zamanı bir neçә dili sәrbәst bildiyi vә geniş kәşfiyyat imkanları olduğu üçün Ə. Baş kәşfiyyat idarәsi tәrәfindәn İrana işlәmәyә göndәrilmişdir. Əsas fәaliyyәti ingilis vә alman kәşfiyyatına qarşı әmәliyyatların tәşkilindәn ibarәt idi. Ə.-un әvәzsiz xidmәtlәrindәn biri dә “Tehran 43” әmәliyyatının iştirakçısı olmasıdır. 1943 ildә antihitler koalisiya rәhbәrlәrinin Tehranda keçirilәcәk konfransına hazırlıq tam mәxfi şәraitdә aparılırdı. Bu barәdә xәbәri olanlardan biri dә Ə. idi. Konfransın başlamasına 6 gün qalmış, 1943 il noyabrın 22-dә İran tәrәfinә mәlumat verilmişdi. Noyabrın 24-dә Baş komandanlığın üzvü, Astaraya gәlәn Baş qәrargah rәisi, SSRİ marşalı A.Vasilevskini Ə. qarşılamışdı. Hәmin gecә Astarada Ə.-un evindә qalan marşal Vasilevski onunla bir yerdә İrana getmişdir. Marşalın gәlmәsindә әsas mәqsәd liderlәrin görüşü zamanı qoşun hissәlәrini tәlimatlandırmaq vә bir daha Stalinin göstәrişi ilә tәhlükәsizlik mәsәlәlәrini yoxlamaq idi. Noyabrın 26-da Stalinin tәyyarәsi Kale-Morge hәrbi aerodromuna (Tehran) enmişdir. Noyabrın 28dә konfrans başlamışdı. Hәmin vaxt Almaniya kәşfiyyatının dövlәt başçılarına qarşı hazırladığı sui-qәsd vә terror aktı haqqında Ə.-a mәlumat verilmişdir. Onun bu mәlumatı rәhbәrliyә vaxtında ötürmәsi nәticәsindә planlaşdırılmış sui-qәsdin qarşısı alınmışdır. Bu sui-qәsdlә bağlı mәlumat geniş ictimaiyyәtә ilk dәfә 1943 il dekabrın 27-dә keçirilәn mәtbuat konfransı zamanı ABŞ prezidenti F.Ruzvelt tәrәfindәn verilmişdir. Ə. Lenin ordeni vә “Qırmızı ulduz” ordeni ilә tәltif edilmişdir.