ƏSƏDOV Vaqif Firudin oğlu (d.5.4.1947, Naxçıvan) – Azәrb. aktyoru, rejissor. Azәrb. Resp. xalq artisti (2006). Azәrb. Dövlәt İncәsәnәt İn-tunun aktyorluq fakültәsini bitirmişdir (1969, M.Ə.Mәmmәdovun sinfini). 1969–88 illәrdә Nax. Dövlәt Musiqili Dram Teatrında işlәmiş, Aqşin, Oqtay, Bәhram (“Od gәlini”, “Oqtay Eloğlu”, “Solğun çiçәklәr”, C.Cabbarlı), Mәtin (“Toros canavarı”, Əziz Nesin), Şeyx Mәrvan (“Şeyx Sәnan”, H.Cavid), Qәnimәt (“Mәhv olmuş gündәliklәr”, İ.Əfәndiyev) vә b. rolları ifa etmişdir. 1981 ildәn teatrda rej. vә baş rej. olmuş, bir sıra әsәrlәrә quruluş vermişdir: “Sükut divarı” (P.Nesina), “Elektra” (Sofokl), “Qarağaclar altında mәhәbbәt” (Y.O’Nil) vә s. 1982 ildә Naxçıvanda Cavid poeziya teatrı açmış, burada “Mәnim tanrım gözәllikdir, sevgidir” (1982, Kәmalә), “Azәr” (1983, H.Cavid), “Azәrbaycan – dünyam mәnim” (M.Araz), “Yenә o bağ olaydı” (1988, M.Müşfiq) vә s. tamaşaların rej.-u olmuşdur. Azәrb. Akademik Milli Dram Teatrında N.Xәzrinin “Burla Xatun”, A.Hәsәnoğlunun “Mağara”, İ.Əfәndiyevin “Mәhv olmuş gündәliklәr” әsәrlәrini tamaşaya qoymuşdur.
Dağ. Resp. Dәrbәnd Dövlәt Azәrbaycan Dram Teatrında “Mәhәbbәt yaşayır hәlә” (H.Orucov), “Arşın mal alan” (Ü.Hacıbәyli) әsәrlәrinә quruluş vermişdir. 1989 ildәn Azәrb. Dövlәt Gәnc Tamaşaçılar Teatrının quruluşçu rej.-udur (“Açıl, bәnövşәm, açıl” 1990, İ.Coşqun; vә s.). “Ac hәriflәr” tammetrajlı film-tamaşasında (1993), “Qayalarda qalan sәs” (1995), “Fatehlәrin divanı” (1997) filmlәrindә çәkilmişdir. “Ömürdәn uzun gecә” (1996) filminin rej.-udur. O eyni zamanda bir sıra irimiqyaslı tәdbirlәrin quruluşçu rej.-u vә ssenari müәllifidir. “Şәrәf nişanı” ordeni (1986) ilә tәltif edilmişdir.