ƏSƏDULLAYEV Şәmsi (1840, Bakı yaxınlığındakı Əmircan k. – 21.4.1913, Bakı) – Azәrb. milyonçusu, neft sәnayeçisi, iri sahibkar, ictimai xadim. Kasıb ailәdә doğulmuşdur. 1860 ildә Kokorevin Suraxanıdakı kerosin emalı z-dunda işlәr müdiri vәzifәsinә yüksәlmişdi. Bir müddәt sonra neft vә duz podratçılığı ilә mәşğul olmuşdur. 1874 ildә cüzi kapitalla neft çıxaran vә emal edәn kiçik müәssisә (kon t o r) açmış, sonralar onu “Şәmsi Əsәdullayev vә Ko” şirkәtinә çevirmişdi (1893).
Ə.-in Bakıda bir neçә neftayırma z-du, mexaniki emalatxanası, Suraxanı, Sabunçu, Ramanada 37 neft buruğu, Xәzәr dәnizindә neft vә neft mәhsulları daşıyan gәmilәri vardı. Neftin daşınmasında ilk dәfә buxar gәmisindәn istifadә etmişdir (1891). Xeyriyyәçilik fәaliyyәti dә göstәrmiş, “Nәşrimaarif” cәmiyyәtinin fәal üzvü olmuşdur. Öz vәsaiti hesabına onlarla azәrb. tәlәbәni Almaniya, Fransa, Varşava, Kazan, Kiyev, Moskva, Odessa, Peterburq, Xarkov untlәrindә tәhsil almağa göndәrmişdir. Bakı realni mәktәbinin (indiki ADİU-nun binası) tikintisinә sәrf olunan vәsaitin әsas hissәsini ödәmişdir. 1903 ildә Moskvaya köçmüş, Peterburqda vә Moskvada bir neçә yerdә mülk tikdirmiş, xeyriyyә işlәri ilә mәşğul olmuş, yoxsul uşaqlar üçün mәktәb açdırmışdı. Moskvada Kiçik Tatar döngәsindә tikdirdiyi evi o zaman tәzә yaradılmış Tatar Mәdәniyyәt Cәmiyyәtinә bağışlamışdır. Bu binada tatar mәktәbi, kitabxanası, konsert salonu vә yetimlәr üçün uşaq evi fәaliyyәt göstәrmişdir. Ümumrusiya müsәlmanlarının Nijni-Novqorodda keçirilәn 1-ci qurultayında (1905, avqust) iştirak etmişdir. Ə. 1913 ildә Romanovlar xanәdanının 300 illiyi ilә әlaqәdar Tiflis Müәllimlәr İn-tunda öz adına iki tәqaüd ayırmışdı. Ümumrusiya müsәlmanlarının qurultayı (1917, may) Ə.-in Moskvadakı müsәlmanlara bağışladığı binada keçirilmişdi. Azәrb.-da sovet hakimiyyәti qurulduqdan sonra Ə.-in şirkәtinin mülkiyyәti millilәşdirilmişdir.