ƏSGƏRLİ Əlizadә Bayram oğlu (d.8.5. 1958, Sabirabad r-nunun Cavad k.) – Azәrb. әdәbiyyatşünası, filologiya üzrә e.d. (2011). Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1980). “Demokrat” vә “Yurd” qәzetlәrinin tәsisçisi vә baş redaktoru (1991–95), Bakı Qızlar Un-tindә müәllim (1998), kafedra müdiri (1999–2007), prorektor (2007–14) vәzifәlәrindә çalışmışdır. AMEA-nın Milli Münasibәtlәr İn-tunda böyük elmi işçi (1998–2000), elmi katib (2000–02), Fәlsәfә, Siyasi Hüquq Tәdqiqatları İn-tunda aparıcı elmi işçi (2002) olmuşdur. 2002–17 illәrdә AMEA Nizami ad. Ədәbiyyat İn-tunda aparıcı elmi işçi, baş elmi işçi işlәmiş, 2017 ildәn direktor müavinidir. Əsas tәdqiqatları Azәrb. әdәbiyyatının elmi-nәzәri vә milli-ideoloji problemlәrinә aiddir. “Kökün vә sözün yaddaşı” (2002), “Osman Sarıvәllinin poetikası” (2005), “Milli ideal mücahidi” (2005), “Sözün divanı vә vәtәndaş yanğısı” (2007), “Xәlil Rza Ulutürkün poetikası” (2012), “Sәnәt vә şәxsiyyәt” (2013), “XX әsr Azәrbaycan şeirinin poetikası” (2014), “Xәlil Rza Ulutürk” (2015) kitablarının müәllifidir.