ƏSGƏROV Bәhram Mehralı oğlu (5.10.1933, Tovuz r-nunun Əhmәdabad k. – 11.2.2014, Bakı) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (1971), prof. (1972), AMEA-nın akad. (2007; m. üzv 2001). Azәrb. SSR Dövlәt mükafatı laureatı (1974). Əmәkdаr elm xadimi (2001). Azәrb. Dövlәt Untini (indiki BDU) bitirmişdir (1957). Azәrb. SSR EA Fizika İn-tunda baş elmi işçi (1960–66), BDU-da dosent (1966–71) vәzifәlәrindә çalışmış, bәrk cisimlәr fizikası kafedrasını yaratmış vә onun müdiri olmuşdur (1971–2014). BDUnun elmi işlәr üzrә prorektoru vәzifәsindә işlәmişdir (1994–2004). Tәdqiqatları bәrk cisim fizikası sahәsinә aiddir. Bәrk cisimlәrdә termomaqnit hadisәlәrinin kvant nәzәriyyәsini verәn alimlәrdәn biridir. Kvantlayıcı maqnit sahәsindә dissipativ termomaqnit cәrәyanın hesablanması metodunu tәklif etmişdir (elmi әdәbiyyatda “Anselm–Əsgәrov metodu” adı ilә mәlumdur). Mürәkkәb energetik zonalı yarımkeçiricilәrdә qalvanomaqnit vә termomaqnit effektlәrinin kvant nәzәriyyәsini vermişdir. “Bәrk cisimlәrdә köçürmә hadisәlәrinin kvant nәzәriyyәsi”nә görә İngiltәrәnin Kembric ş.-ndә yerlәşәn Beynәlxalq Bioqrafiya Mәrkәzi tәrәfindәn “XX әsrin mәşhur alimi” sırasına daxil edilmiş, “Elmdә görkәmli nailiyyәtlәrinә görә” diplomu vә medalı ilә tәltif olunmuş vә adı “Ümumdünya ensiklopediyası”na salınmışdır. Yüksәkixtisaslı kadrların hazırlanmasında xidmәti var. 130-dan çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni (2004) ilә tәltif olunmuşdur.
Əsәri: “Electron Transport Phenomena in Semiconductors”, “World Scientife”, Singapore, London, 1994, p.394 .