”ƏSHABİ-KƏHF”, әshab әl-kәhf (әr. أصحاب الكهف – mağara sakinlәri) – Quran rәvayәtlәrindәn biri. “Kәhf” (“Mağara”) surәsindә әksini tapmış bu rәvayәtә görә, Allaha inanan gәnclәr bütpәrәst hökmdar Diqyanusun (Azәrb. xalq әdәbiyyatında Dağ Yunus) tәqiblәrindәn yaxa qurtarmaq üçün bir itlә birlikdә mağarada gizlәnmişlәr. Allah qiyamәtdә yenidәn dirilmәnin mümkünlüyünün isbatı olaraq onlara ağır yuxu vermiş, 309 ildәn sonra oyatmışdır. Lakin gәnclәr özlәrinә yad dünyanı görüb, yenidәn әbәdi yuxuya getmişlәr. Tәfsirlәrdә mağaranın ekvator xәttindәn şm.-da yerlәşdiyi, ağzının isә c. qütbünә tәrәf olduğu bildirilir. “Ə.-k.”-ә bәnzәr rәvayәtlәrә digәr dinlәrdә vә müxtәlif әfsanәlәrdә dә rast gәlinir. Mahabharatada arxalarında it olan yeddi nәfәrin krallığa vә dünyaya üz çevirdiklәri nәql olunur. Xristianlıqda “Ə.-k.” “Efesin yeddi yatmış gәnci” kimi mәşhurdur. Azәrb.-da (xüsusilә Naxçıvanda) Dağ Yunus vә Ə.-k. haqqında rәvayәtlәr geniş yayılmışdır. Əbubәkr ibn Xosrov әl-Ustad “Munisnamә”dә bu rәvayәti müfәssәl şәkildә nәql etmişdir. Dünyanın bir sıra bölgәsindә (Kiçik Asiya, Suriya, Fәlәstin vә s.) mövcud olan vә “Ə.k.” adıyla tanınan mağaralardan biri dә Naxçıvan ş.-ndәn tәqr. 12 km aralı, İlandağla Nәhәcir d. arasında yerlәşir. Naxçıvandakı mağara Quranda, elәcә dә tәfsirlәrdә tәsvir edilәn mağara ilә üst-üstә düşür.