Azərbaycan Milli Ensiklopediyası
    ƏSİRƏDDİN ƏBHƏRİ

    ƏSİRƏDDİN ƏBHƏRİ (ثير الدين الأبهري), Əsirәddin  әl-Müfәzzәl  ibn Ömәr әs-Sәmәrqәndi    әl-Əbhәri (? – 1263/65) – peripatetik filosof, astronom, riyaziyyatçı. Doğulduğu yer (Mosul, yaxud Əbhәr) dәqiq mәlum deyil. Bir sıra mәnbәlәrdә әslәn Sәmәrqәnddәn olduğu göstәrilir. Fәxrәddin Razidәn dәrs almışdır. Monqol yürüşlәri zamanı tәhlükәsiz mәkan tapmaq mәqsәdilә sәfәrә çıxmış, Ərbildә vә Dәmәşqdә olmuş, oradan Anadoluya getmişdir. Nәsirәddin Tusi ilә elmi vә fәlsәfi mövzulara dair yazışmaları olmuşdur. Ə.Ə. “Hidayәtül-hikmә” (“Fәlsәfәnin yol göstәriciliyi”) әsәriylә mәşhurlaşmışdır. Klassik islam fәlsәfәsinin problemlәrindәn bәhs edәn әsәr mәntiq, tәbiyyat vә ilahiyyat olmaqla üç hissәdәn ibarәtdir. Əsәr әsrlәrcә mәdrәsәlәrdә dәrslik kimi istifadә edilmiş vә ona bir çox şәrhlәr yazılmışdır. “İsağuci” mәntiq risalәsindә anlayış, hökm, sillogizm vә sübut bәhslәri Şәrq peripatetizmi mövqeyindәn şәrh olunur. Bu risalәni Münyiddin Mәhәmmәd Bәri, Şirvani Qaraca Əhmәd (ö. 1450) kimi alimlәr şәrh etmişlәr. Azәrb. mütәfәkkiri İbrahim Şәbüstәri (ö. 1514) “İsağuci” risalәsini nәzmә çәkmişdir. Ə.Ə. riyaziyyat vә astronomiyaya dair әsәrlәrin dә müәllifidir [“Müxtәsәr fi elm әl-heyәt” (“Kosmoqrafiyaya dair xülasә”), “Risalә әlәsturlab” (“Astrolyabiya haqqında risalә” vә s.)]. Dövrümüzә gәlib çatmayan 3 min beytlik divanının olması barәdә mәlumat var.