ƏSKİ ƏLİFBA – әrәb qrafikalı Azәrb. әlifbası. İslam dininin yayılmasından sonra qәbul olunmuş әrәb yazısı әsasında formalaşan Ə.ә. 20 әsrin 30-cu illәrinәdәk işlәk olmuşdur. Azәrb. SSR MİK-in 1928 il 11 oktyabr tarixli qәrarı ilә resp. latın әlifbasına keçdikdәn sonra (1929 il yanvarın 1-dәn tәtbiq edilmişdir; bax hәmçinin Azәrbaycan xüsusi cildi, sәh. 149–150) da Ə.Ə. ilә kitablar nәşr olunmuşdur.
Ə.ә. әrәb әlifbasındakı 28 hәrf, Azәrb. vә fars dillәrinә mәxsus 4 әlavә hәrf (p, ç, j, g) vә Azәrb. dilinә mәxsus ή samitini bildirәn “sağır nun” hәrfi olmaqla 33 hәrfdәn ibarәt idi. Azәrb. dilinin qaydalarına uyğun olaraq Ə.ә.-nın әrәb әlifbasından bir sıra fәrqlәri var idi: mәs., “fәthә” işarәsi bir qayda olaraq ә sәsini (nadir hallarda a vә e), sinkretik sәciyyәli “әlif” hәrfi sözün әvvәlindә yardımçı işarәdәn (hәrәkә) asılı olaraq bütün saitlәri, ortada vә axırda isә yalnız a sәsini (azәrbaycanca sözlәrin әvvәlindә öz mәnşә funksiyasını itirәn “mәdd” işarәsi ilә) bildirirdi; digәr sinkretik hәrflәr olan “vav”, “ya” vә “eyn” samitlәrlә yanaşı, hәm dә saitlәri ifadә edirdi; bәzi yazı işarәlәri (mәs., hәmzә, tәnvin), elәcә dә müxtәlif mәxrәcli eyni sәslәri (mәs., 4 müxtәlif tona malik z sәsi) bildirәn ayrı-ayrı hәrflәr yalnız әrәb dilindәn keçmә sözlәrdә formal olaraq saxlanırdı. Spesifik sәciyyә daşıyan bәzi әrәb hәrflәrindәn [“sad” – sağ, soy, sonra; “qaf” – qız, qanı (hanı), qaçan (haçan)] qonşu saitin qalınlığını bildirmәk mәqsәdilә 16–17 әsrlәrәdәk azәrbaycanca sözlәrin yazılışında istifadә olunmuş, d samiti ilә başlayan qalın sait tәrkibli sözlәr (dağ, daş vә s.) “ta” hәrfi ilә yazılmışdır. Xәtt növündәn asılı olaraq (tәliq, nәstәliq vә s.) hәrflәrin müxtәlif qrafik variantları meydana çıxırdı. Azәrb. dilindәki tәlәffüzündәn asılı olmayaraq әrәb vә fars mәnşәli sözlәr hәmin dillәrdәki imla qaydalarına uyğun yazılırdı.
Klassik әlyazmalarda әksәr tarixlәr, sıralamalar, müxtәlif işarәlәr, not yazıları әbcәd hesabı ilә verildiyindәn müasir transliterasiyalarda әlavә şәrhlәrә ehtiyac yaranır. Sәs sıralanması, uzun vә qısa saitlәr, әrәb dilindәn keçmә hazır söz birlәşmәlәri vә s. baxımından әruz vәznli klassik poeziyanın düzgün oxunuşu yalnız Ə.ә. ilә mümkündür. Müxtәlif mәxrәcli eyni sәslә bitәn sözlәr hәmqafiyә sayılmadığından klassik qafiyә sisteminin Ə.ә. әsasında öyrәnilmәsi zәruridir.
Azәrb.-ın Ə.ә. ilә yazılmış çoxәsrlik elmi-әdәbi vә mәdәni irsinin xeyli hissәsi AMEA-nın M.Füzuli ad. Əlyazmalar İntunda, hәmçinin dünyanın bir sıra әlyazma fondlarında vә kitabxanalarında, elәcә dә şәxsi arxivlәrdә saxlanılır.
Əd.: Əlizadә S.Q. Əski Azәrbaycan yazısı, B., 1993; Rüstәmova T.Z. Əski әlifba. B., 1995.