ƏŞRƏF EDİP, soyadı Ferqan (1882, Serez – 15.12.1971, İstanbul) – türk jurnalisti, yazıçı. İstanbul Hüquq Mәktәbini bitirmişdir (1912). İslam birliyi fikrini dәstәklәyirdi. M.Akiflә birgә İslam birliyi düşüncәsinin mәtbuat orqanı olan “Sıratımüstәqim” (sonralar “Sәbilür-rәşad”) jurnalını buraxmışdır (1908–66; 1107 nömrәsi işıq üzü görmüşdü). İstanbulun Antanta qoşunları tәrәfindәn işğalı dövründә (16 mart 1920) M.Akif ilә birgә Ankaraya köçәrәk jurnalın nәşrini burada davam etdirmiş, dәrgi vasitәsilә milli mübarizә hәrәkatını dәstәklәmişdir. Cümhuriyyәtin qurulmasına qarşı çıxaraq hәbs olunmuş vә “Sәbilür-rәşad”ı dayandırmaq şәrtilә sәrbәst buraxılmışdır (1925). “Asâr-i ilmiyyә kitabxanası” adı ilә tәrcümә әsәrlәrinin nәşrinә başlamışdır. 1940 ildә “İslam-Türk ensiklopediyası” vә “İslam-Türk ensiklopediyası mәcmuәsi”ni çıxarmışdır. “Tövhid-i әfkar”, “Yeni Sabah”, “Millәt”, “Dәyanәt”, “Sabah” vә s. qәzet vә jurnallarda mәqalәlәri dәrc olunmuşdur.