ƏŞRƏF QƏNİ, Mәhәmmәd Əşrәf Qәni Əhmәdzai (d.12.2.1949, Əfqanıstan, Lövgәr vil.) – Əfqanıstan siyasi vә dövlәt xadimi. Kabildә Hәbibiyyә Un-tini (1969), hәmçinin Livanda Beyrut Amerika Un-tini (1973) bitirmişdir. 1977 ildә ABŞ-ın Kolumbiya Un-tinә daxil olmuş, burada antropologiya sahәsindә elmlәr doktoru dәrәcәsini almışdır. Berklidә Kaliforniya Un-tindә vә Baltimorda Con Hopkins Un-tindә dәrs demişdir. 1991– 2001 illәrdә Dünya bankında çalışmışdır. 2001 ilin oktyabrında BMT-nin Əfqanıstandakı xüsusi nümayәndәsinin müşaviri tәyin olunmuş, Bonn sazişinin hazırlanmasında, razılaşdırılmasında vә qәbulunda iştirak etmişdir. Əfqanıstan prezidenti H.Kәrzainin maliyyә mәsәlәlәri üzrә baş müşaviri (2001–02), maliyyә naziri (2002– 04), Kabil Dövlәt Un-tinin rektoru (2004– 10), Əfqanıstanın tam müstәqilliyinin bәrpası problemlәri ilә mәşğul olan Keçid әlaqәlәndirmә şurasının sәdri (2011–13) seçilmişdir. 2014 ildәn Əfqanıstan İslam Resp.-nın prezidentidir.