“ƏŞRƏFİ” NEFT-QAZ YATAĞI – Şimali Abşeron qalxımlar zonası neftli-qazlı r-nunda, Xәzәr dәnizinin Azәrb. sektorunda, Bakı ş.-ndәn 110 km, sahildәn 70 km ş.dә yerlәşәn yataq. Yatağın yerlәşdiyi әrazidә dәnizin dәrinliyi 170 –180 m arasında dәyişir. Qalxım Abşeron-Balxanyanı tektonik zonasının Abşeron-Türkmәnbaşı antiklinalı hüdudlarındadır. 1959 ildә seysmik kәşfiyyatın ƏOD (әks olunan dalğa) üsulu ilә aşkara çıxarılmışdır; gümbәzvarı braxiantiklinaldır. 3530 m-lik izoxәttә görә strukturun ölçülәri 7,3×3,8 km-dir; amplitudası tәqr. 65 m tәşkil edir. 1998 ildә strukturun tağa yaxın hissәsindә (dәnizin dәrinliyi 170 m) “Dәdә Qorqud” üzәn qazma qurğusundan qazılmış 1№-li kәşfiyyat quyusu (dәrinliyi 3711 m) Qırmakialtı lay dәstәsinin (sınaq zamanı gündәlik 640 min m3 qaz, 70 t kondensat alınmışdır; kollektorun mәsamәliliyi 22,3%) vә Qırmakiüstü Qumlu lay dәstәsinin (sınaq zamanı gündәlik 200 min m3 qaz, 473 t neft alınmışdır; kollektorun mәsamәliliyi 29,7–33,7%, neftin xüs.ç. 0,845 q/sm3) sәnaye әhәmiyyәtli neft-qazlılığını aşkar etmişdir. Hazırda yataq konservasiyadadır.