ƏTRAF MÜHİT – bәşәriyyәtin tәbii yaşayış vә istehsalat fәaliyyәti mühiti. Bir qayda olaraq, “Ə.m.” anlayışı әtraf tәbii mühit demәkdir; beynәlxalq sazişlәrdә bu mәnada istifadә olunur. Çox vaxt “Ə.m.” anlayışına süni mühitin tәrkib elementlәri dә (yaşayış binaları, sәnaye müәssisәlәri vә s. mühәndisi strukturlar) daxildir. Biol. növ kimi insanın yayıldığı tәbii әrazi tәbii şәrtlәrlә müәyyәn olunur, lakin ictimai istehsal inkişaf etdikcә, insanın texniki fәaliyyәt dairәsi xeyli genişlәnmiş vә praktiki olaraq bütün coğrafi örtüyü әhatә İnsan cәmiyyәti iqtisadi mәnimsәmә prosesindә Ə.m.-i xeyli dәyişdirmişdir.
İnsanın Ə.m.-ә tәsiri kәskin güclәnmiş, bütün tәbii komponentlәr dәyişikliklәrә müxtәlif dәrәcәdә mәruz qalmışdır. İnsanlar çoxlu heyvan növlәrini әhlilәşdirmiş vә mәdәni bitkilәr yaratmış, eyni zamanda çoxlu vәhşi heyvanların (o cümlәdәn mәmәlilәrin vә quşların onlarla növünü vә tam biosenozları) kökünü kәsmişlәr. Neolit dövründәn indiyәdәk Yer kürәsindә meşәlәrin sahәsi 2 dәfә azalmış, tәbii bitkilik yerlәrindә becәrilәn torpaqlar meydana gәlmiş, ikincidәrәcәli meşәlәr vә savannalar, kol bitkilәri cәngәlliklәri, mәndәcәrliklәr vә çәmәnliklәr yaranmışdır. Hәmçinin çay sistemlәrinin yenidәn qurulmasına, kanalların, su anbarlarının vә s. yaradılmasına yönәlmiş mühәndis qurğuları Yer kürәsi sәthinin görünüşünü xeyli dәyişdirmişdir. Tikinti işlәri vә faydalı qazıntıların hasilatı zamanı hәr il çox böyük kütlәdә dağ süxurları öz yerini dәyişir.
İnsanın tәsiri nәticәsindә bir çox landşaftın tәbii mәhsuldarlığı kәskin artmışdır; qurutmanın, süni suvarmanın, qoruyucu meşә zolaqlarının kömәyi ilә yaxşılaşdırılmış әrazilәrdә vә bәzi dәnizdәn alınmış yerlәrdә (mәs., Niderlandda tәpәliklәr) mәdәni landşaftlar meydana gәlmişdir. Lakin tәbii proseslәrin tәnzimlәnmәsinә insanın müdaxilәsi hәmişә müsbәt nәticәlәr vermir, uzun müddәtdәn sonra belә tәsirin sonuclarını düzgün qiymәtlәndirmәk çәtin olur. Tәbii komponentlәrdәn yalnız birinin pozulması qarşılıqlı әlaqә vasitәsilә әvvәllәr artıq formalaşmış tәbii-әrazi kompleks strukturlarının yenidәn qurulmasına sәbәb olur. Mәs., meşәlәrin qırılması, torpaqların şumlanması, otlaqların hәddәn artıq yüklәnmәsi torpaq örtüyünün pozulmasına, su balansının dәyişmәsinә, eroziyanın inkişafına, toz fırtınalarının yaranmasına, qumun yenidәn sәpәlәnmәsinә, su basmalara vә s. gәtirib çıxarır. Ə.m.-in mühafizә edilmәsini (uçotsuz) nәzәrә almadan yerinә yetirilәn bir sıra aparıcı enerji vә istehsal sәnaye sahәlәrinin (neft emalı, nüvә enerjisi, kimya sәnayesi, әlvan metallurgiya vә s.) intensiv inkişafı, k.t.-nın kimyalaşdırılması, avtomobil, su vә aviasiya (hava) nәql.-nın artması kimi dәyişikliklәr Ə.m. üçün xüsusilә ciddi tәhlükәdir. Quru sәthinin, hidrosferin vә atm.-in çirklәnmәsi bilavasitә bunun nәticәsidir. Dünya okeanının, xüsusilә ildә okean sularına 10 mln. t daxil olan neft mәhsulları ilә çirklәnmә intensivliyi artmışdır vә bu, su sәthindә tәbәqә әmәlәgәtirәn dәniz orqanizmlәrinin inkişaf şәraitini kәskin surәtdә pislәşdirir. Hәr il sәnaye müәssisәlәri vә nәql. vasitәlәri atm.-i 1 mlrd. t-a yaxın aerozol vә qazla (o cümlәdәn dәm qazı, kükürd dioksid, azot oksidlәri), tәqr. o qәdәr dә hislә çirklәndirir; su hövzәlәrinә ildә 500 mlrd. t sәnaye-mәişәt tullantıları tökülür. Dünya ölkәlәrinin iri sәnaye mәrkәzlәrindә havada zәhәrli qarışıqların miqdarı maks. icazә verilәn qatılıqdan yüksәkdir vә әhali üçün tәhlükәli olan zәhәrli qarışıqlar çox vaxt havadan vә su hövzәlәrindәn planetar su dövranına cәlb olunur, hava cәrәyanları ilә böyük mәsafәlәrә daşınır, torpaq mәhlullarına düşür, bitkilәrdә toplanır, oradan isә insan vә heyvan orqanizmlәrinә daxil olur.
Enerji effekti istehsalın Ə.m.-ә tәsirinin mühüm әlavә nәticәsinә aiddir. İldә 7 mlrd. t şәrti yanacağın yandırılmasından 12,5·1016 kC (3·1016 kkal) istilik ayrılır. Bundan başqa, yanacaq yanarkәn atm.-ә ildә 20 mlrd. t-dan çox karbon qazı daxil olur, onun qatılığının artması istixana effekti nәticәsindә havanın vә yer sәthinin qızma riskini hәddәn artıq güclәndirir.
Ə.m.-in çirklәnmәsi ekoloji keyfiyyәtlәri pislәşdirmәklә ekoloji böhranın yaranmasına yol açır. Bu, ABŞ, Yaponiya, AFR vә digәr ölkәlәrin şәhәr vә sәnaye r-nlarında xüsusilә kәskin tәzahür edir.
Ə.m. vә insan cәmiyyәtinin qarşılıqlı tәsirinin optimallaşdırılması yalnız tәbiәtin mühafizәsini vә ehtiyatların sәmәrәli istifadәsini deyil, hәmçinin xammal istifadәsinin (tullantısız istehsal) vә enerji alınmasının yeni texnologiyası әsasında onun yenidәn aktiv bәrpasını tәmin edir. Bu problemin praktiki hәlli üçün tәbii mühitin texnogen dәyişikliklәrinin (yerdәn fәzayadәk) bütün sәviyyәlәrdә hәrtәrәfli tәdqiq olunması, tәbii landşaftların insan tәsirlәrinә görә davamlılıq dәrәcәsinin öyrәnilmәsi, onların özünütәnzimlәmә vә bәrpaetmә qabiliyyәtinin qiymәtlәndirilmәsi, sonrakı davranışlarının proqnozlaşdırılması vacibdir.
Urbanizasiya insan sağlamlığına xüsusi tәsir göstәrir. Bir çox әrazilәrdә sanitariya vәziyyәtinin yaxşılaşması, infeksion xәstәliklәrin azalması ilә yanaşı, yeni xәstәliktörәdәn faktorlar (patogenlәr) meydana gәlmişdir. Müasir şәraitdә hava hovuzunun, tәbii suların vә Ə.m.-in digәr elementlәrinin qorunması üzrә sanitariya ölçülәrinin bir ölkә çәrçivәsindә aparılması kifayәt deyildir. Yer kürәsinin bütün xalqlarının insanı әhatә edәn mühitlәrin saxlanması vә bәrpası üzrә güclәrinin birlәşdirilmәsi vә aktivlәşdirilmәsi vacibdir.