ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ – biosferә hәr hansı bir tәsir canlı alәmin vә davamlı ekosistemin mövcudluğuna qarşı tәhlükәdir. Tәbii hadisәlәrlә bağlı tәbii çirklәnmәni (mәs., vulkan fәaliyyәti) vә insan fәaliyyәti ilә әlaqәdar antropogen çirklәnmәni ayırırlar. Ümumiyyәtlә, tәsәrrüfat fәaliyyәtinin bütün sahәlәri әtraf mühiti bu vә ya digәr dәrәcәdә çirklәndirmәklә orqanizm üçün zәrәrli maddәlәr miqdarını artırır, yeni kimyәvi birlәşmәlәrin yaranmasına, biosferdә toksik maddәlәrin utilizasiyasının qeyri-mümkünlüyünә, temp-run (istilik çirklәnmәsi), sәsküyün (sәs-küy çirklәnmәsi), elektromaqnit şüalanmasının, radioaktivliyin çoxalmasına vә mühitin digәr dәyişilmәlәrinә gәtirib çıxarır. İl әrzindә Yer tәkindәn 100 mlrd. tdan çox süxur çıxarılır. Tәqr. 1 mlrd. t şәrti yanacağın (o cümlәdәn benzinin) yanmasından biogeokimyәvi tsiklә әlavә olaraq karbon vә azot oksidlәri, kükürd birlәşmәlәri ilә yanaşı, külli miqdarda orqanizm üçün tәhlükәli olan civә, qurğuşun, arsen vә digәr elementlәr dә qoşulur. 21 әsrә yaxın dünyada әvvәllәr tәbiәtdә rast gәlinmәyәn tәqr. 12 mln. birlәşmә sintez olunmuşdur ki, bunun da 100 mini әtraf mühitdә geniş yayılmışdır (mәs., xlortәrkibli pestisidlәr, polixlorbifenillәr). Bәzi ölkәlәrdә әtraf mühitin tullantılar vә çirkli sularla çirklәnmәsinin qarşısı alınsa da, Ə.m.ç. elә sürәtlә gedir ki, nә tәbiәtdә gedәn maddәlәr dövranı, nә dә atm. vә hidrosferin özünütәmizlәmә qabiliyyәti onun zәrәrli tәsirini neytrallaşdıra bilmir. Çirklәnmәyә әsasәn atm., su hövzәlәri vә torpaqlar mәruz qalır.
Atmosferin çirklәnmәsi. Neft, tәbii qaz, kömür, oduncaq vә üzvi tullantıların yandırılması atm.-i kükürd birlәşmәlәri (SO2, SO3, H2S), azot (NO, NO2, N2O) vә karbon (CO, CO2) oksidlәri, aerozol, toz, tüstü vә ağır metallarla çirklәndirәn әsas mәnbәlәrdir. Yanacaq qazıntılarının hasilatı, müxtәlif üzvi maddәlәrin yandırılması zamanı atm.-ә külli miqdarda metan tullanır. Son 200 il әrzindә insanın tәsәrrüfat fәaliyyәti nәticәsindә CO2-nin miqdarının 1,3 dәfәdәn çox, azot oksidlәrinin, demәk olar ki, 1,9 dәfә, metanın 3 dәfәdәn çox (әsas artım 1950 ildәn sonraya düşür) vә digәr qazların miqdarının artması atm.-dә parnik effektini yaratmışdır. Parnik effektinin son yüzillikdәki artımının tәqr. 20%-i freonların payına düşür, halbuki onlar 20 әsrin ortalarınadәk faktiki olaraq atm.-dә yox idi. Bu maddәlәr stratosfer ozonunun dağıdıcısı kimi tәsdiq olunmuş vә onların istehsalı Monreal protokolu (1987) ilә qadağan edilmişdir. 21 әsrin әvvәllәrindә Antarktika üzәrindә sah. 28 mln. km2 olan, Cәnubi Amerikanın c. qurtaracağını, Folklend a-rını, Yeni Zelandiya vә Avstraliyanın bir hissәsini tutan “ozon dәliyi” qeydә alınmışdır. Katarakta vә dәri xәrçәngi xәstәliklәrinin son vaxtlar artmasını “ozon dәliyi” ilә әlaqәlәndirirlәr. Atm.-ә tullanan kükürdün tәqr. 60%-i antropogen mәnşәlidir. Kükürd, azot vә karbon oksidlәrinin atm.-dәki su buxarları ilә tәmasından yaranan turş yağışlar Avropa, Şimali Amerika vә Çini ciddi ekoloji problemlәr qarşısında qoyur. 1990-cı illәrdәn atm.-in çirklәnmәsindә meşә yanğınlarının rolu artmaqdadır.
Şirin su hövzәlәrinin çirklәnmәsi. 20 әsrdә sәnayenin inkişafı, urbanizasiya vә k.t.-nın sәmәrәlәşdirilmәsi kontinentlәrdәki sәth sularının vә müәyyәn qәdәr yeraltı suların keyfiyyәtini xeyli pislәşdirmişdir. K.t., sәnaye vә mәişәt tullantıları ilә yanaşı, su hövzәlәrinә azot, fosfor, kükürd, arsen, qurğuşun, kadmium, civә, xrom, mis, ftor vә xlorun birlәşmәlәri, hәmçinin karbohidrogenlәr daxil olur. Əksәr ölkәlәrdә sәnaye çirkli sularının genişmiqyaslı tәmizlәnmәsinә 20 әsrin 2-ci yarısından başlanmışdır. Çirkli suların Qәrbi Avropada 95%-indәn çoxu, inkişaf etmәkdә olan ölkәlәrdә tәqr. 30%-i tәmizlәnir. Nisbәtәn effektiv tәmizlәyici qurğular 94%-әdәk fosforlu vә 40%-әdәk azotlu birlәşmәlәri tәmizlәmә qabiliyyәtinә malikdir. K.t.-nın çirkli suları su hövzәlәrini müxtәlif gübrәlәr vә pestisidlәrlә çirklәndirir. Su hövzәlәrinә azot vә fosforun gәtirilmәsi su bitkilәrinin intensiv inkişafına vә hövzәlәrdә oksigenin miqdarının azalmasına sәbәb olur, nәticәdә su ekosistemlәrindә ciddi pozğunluq yaranır.
Dünyada şirin suların çirklәnmәsinin tәqr. 10%-ini bәlәdiyyәlәrin çirkli suları tәşkil edir; hәr il daxili su hövzәlәrinә 1,5 min km3 çirkli su axıdılır. Su hövzәlәri, hәmçinin atm. çöküntülәri (yağış, qar) ilә dә çirklәnir, belә ki 1980-ci illәrdә ABŞ-da bu yolla su hövzәlәrinә 96%-әdәk polixlorbifenillәr, 90% azot vә 75% fosfor daxil olmuşdur. 21 әsrin әvvәllәrindә dünyanın iri çaylarının yarısından çoxu güclü çirklәnmәyә mәruz qalmışdır. Çayların, xüsusilә dә su anbarlarının dib çöküntülәrindә ağır metalların vә davamlı üzvi çirklәndiricilәrin toplanması baş verir. 20 әsrin sonlarında cirklәnmiş içmәli su mәnbәlәri ilә әlaqәdar xәstәliklәrdәn Afrikada hәr il 3 mln. insan ölmüşdür.
Dünya okeanının çirklәnmәsi. Okeanlarda әsas çirklәnmә sahil zonalarının payına düşür. Bu, sәnaye vә mәişәt tullantılarının okeana axıdılması, sahilyanı zonalarda neft vә qaz hasilatının aparılması, çayların gәtirdiyi tullantıların hesabına baş verir. Meksika körfәzinin sahilyanı hissәlәrindә azot birlәşmәlәrinin konsentrasiyası Missisipi çayının hesabına 20 әsrin 2-ci yarısında 2,5 dәfә artmışdır. İl әrzindә okeana 300 –380 mln. t üzvi maddә, 1 mln. t-dan çox qurğuşun, 20 min t kadmium, 10 min t civә çaylar vasitәsilә, 10 min t qurğuşun vә tәqr. 40 min t civә atm.-dәn daxil olur. Hәr il okeana 10 mln. t neft atılır (әsasәn çaylarla). Sakit vә Atlantika okeanları akvatoriyalarının 5%-ә qәdәri daima neft pәrdәsi ilә örtülüdür. 1991 ildә “Sәhrada fırtına” hәrbi әmәliyyatı zamanı baş vermiş qәzadan İran körfәzi vә Ərәbistan dәnizinә 6 mln. t-dan çox neft axmışdır. Davamlı xlor üzvi pestisidlәr hәtta Antarktika vә Arktikanın mәmәlilәri vә quşlarında aşkar edilmişdir. Fransa, B.Britaniya, RF vә ABŞ-ın radiokimyәvi istehsal sahәlәri Şimali Atlantikanı, Şimal Buzlu okeanını, Sakit okeanın ş. hissәsini uzunömürlü radionuklidlәrlә çirklәndirmişdir. Dünya okeanının dibindә tәqr. 60 itmiş atom bombası, hәmçinin radioaktiv tullantı konteynerlәri vә işlәnmiş nüvә yanacağı reaktorları qalmaqdadır. İkinci dünya müharibәsindәn sonra Baltika, Ağ dәniz, Barens, Kara, Oxot vә Yapon dәnizlәrindә onlarla t kimyәvi döyüş sursatı batırılmışdır. Okeanın sintetik zibillәrlә çirklәnmәsi nәticәsindә hәr il 2 mln.-dan çox quş, dәniz mәmәlisi, tısbağa mәhv olur. Əsasәn gәmilәrin ballast suları ilә gәtirilәn yad növlәrlә bir sıra dәnizlәrin biol. çirklәnmәsi nәticәsindә yerli növlәrin (aborigen faunanın) sıxışdırılması prosesi müşahidә olunur.
Torpaqların çirklәnmәsi. 20 әsrin sonuna kimyәvi çirklәnmәnin nәticәsi olaraq 2,4 mln. km2 torpaq sahәsi deqradasiyaya uğramışdır. Hәr il ancaq metallurgiya müәssisәlәrindәn yer sәthinә 150 min t-dan çox mis, 120 min t sink, tәqr. 90 min t qurğuşun, 12 min t nikel, 1,5 min t molibden, tәqr. 800 t kobalt atılır. 1 q ilkin misin istehsalı zamanı atm.-ә mis, dәmir oksidi, arsen, civә, sink vә qurğuşundan ibarәt 2 t xırda dispers hissәciklәr atılır ki, bunlar da sonradan yer sәthinә çökürlәr. Şimali vә Mәrkәzi Asiyada, Mәrkәzi vә Cәnubi Afrikada, Avstraliyada vә Şimali Amerikada uranın hasilatı vә zәnginlәşdirilmәsindәn mlrd.-larla t aşağı aktivliyә malik radioaktiv tullantılar minlәrlә km2 әraziyә yayılır. Bir çox ölkәdә iri müәssisәlәrin әtrafında texnogen sәnaye boşluqları formalaşır. Turş yağışlar mln.larla km2 torpaq sahәlәrini turşlaşdırır. Dünyada hәr il әkin sahәlәrinә 20 mln. t kimyәvi gübrә vә pestisidlәr verilir ki, bunların da bir hissәsi mәnimsәnilmәdiyindәn vә parçalanmadığından torpaqların irimiqyaslı çirklәnmәsinә sәbәb olur. On mln.larla km2 torpaq sahәlәri (ancaq Argentina, Braziliya, Çili, Meksika vә Peruda 18 mln. ha-dan çox) süni suvarma nәticәsindә duzlaşmışdır. Müasir şәhәrlәr öz sahәlәrindәn 5–7 dәfә çox әrazini çirklәndirir. İnkişaf etmiş ölkәlәrdә adambaşına orta hesabla 200– 300 kq tullantı düşür; aşağı hәyat tәrzinә malik ölkәlәrdә bu rәqәm daha böyükdür. 1990-cı illәrdә tullantıların tәkrar emalına başlandıqdan sonra zibilxanalardakı mәişәt tullantılarının hәcmi Qәrbi Avropada tәqr. 80%, ABŞ-da 34%-әdәk, CAR-da 31% azalmağa başladı. 21 әsrin әvvәli üçün ciddi problemlәrdәn biri dә inkişaf etmiş ölkәlәrdәn toksik tullantıların daşınıb digәr dövlәtlәrin әrazisindә basdırılmasıdır (20 әsrin sonunda Qәrbi Avropadan 30%-әdәk tәhlükәli tullantı daşınaraq digәr dövlәtlәrin әrazisindә basdırılmışdır). Bu da hәllini gözlәyәn problemlәrdәndir. İri istilik elektrik st.larının (әsasәn dә kömür vә yanar şistlә işlәyәn) әtrafında minlәrlә km2 әrazi texnogen çirklәnmәyә (kadmium, kobalt, arsen, litium, stronsium, vanadium birlәşmәlәri, hәmçinin radioaktiv uranla çirklәnmәyә) mәruz qalır. Atom elektrik st.-ları vә digәr atom müәssisәlәrinin әtrafındakı әrazilәr sezium, stronsium, kobaltın radionuklidlәri ilә çirklәnmişdir. Atom silahlarının 1963 ilәdәk atm.-dә keçirilәn sınaqları torpaqların sezium, stronsium vә plutoniumla qlobal çirklәnmәsinә gәtirib çıxarmışdır. Avtomobillәrin il әrzindә atm.-ә buraxdığı işlәnmiş qaz tullantılarından torpağa 250 min t-dan çox qurğuşun çökür. Ən çox çirklәnmә iri avtomagistralların kәnarı boyu 500 m-lik zolağın payına düşür.
Ətraf mühitin mühafizәsi, tәbiәtin mühafizәsi – tәbii ehtiyatlardan istifadә, onların saxlanılmasını vә sәmәrәli istehsalını tәmin etmәk üçün dövlәt vә hüquq tәdbirlәri sistemi. Ə.m.m.-nin qlobal xarakter alması çirklәnmәnin qarşısını almaq barәdә beynәlxalq saziş vә konvensiyaların rolunu daha da artırır. Bunlardan “Dәnizin tullantılarla çirklәnmәsinin qarşısını almaq haqqında konvensiya”nı (1972), “Baltika dәnizi rayonunda dәniz mühitinin qorunması haqqında konvensiya”nı (1974), “Ozon qatının qorunması haqqında Vyana konvensiyası”nı (1985), “Ozon qatını dağıdan maddәlәr haqqında Monreal protokolu”nu (1987), “İqlimin dәyişilmәsi haqqında BMT-nin çәrçivә konvensiyası”nı (1992), “Qara dәnizi çirklәnmәdәn qorumaq haqqında konvensiya”nı (1992), “Davamlı üzvi çirklәndiricilәr haqqında Stokholm konvensiyası”nı vә s. göstәrmәk olar.
Azәrb. Resp.-nda tәbiәtin mühafizәsi müvafiq dövlәt orqanları, qoruqları, ovçuluq tәsәrrüfatları vә digәr müәssisәlәr tәrәfindәn hәyata keçirilir. Resp. әrazisindә ümumi sah. 593,11 min ha olan 38 xüsusi qorunan vә ölkә әrazisinin 8%-ini tәşkil edәn tәbiәt әrazi vahidi (milli parklar, qoruqlar, yasaqlıqlar) yaradılmışdır. Onların tәşkili vә hüquqi vәziyyәti Azәrb. Resp.nın “Ətraf mühitin mühafizәsi haqqında” (1999), “Heyvanlar alәmi haqqında” (1999), “Xüsusi mühafizә olunan tәbiәt әrazilәri vә obyektlәri haqqında” (2000) vә “Ovçuluq haqqında” (2004) qanunları ilә tәnzimlәnir.
Əd.: Əlәsgәrov M. Tәbiәtin mühafizәsi. B., 1980; Əliyev H.Ə. Hәyәcan tәbili. B., 1983; Тинсли И. Поведение химических загрязнителей в окружающей среде. М., 1982.