ƏTTAR (әr. عطار– әtir satan) Şeyx Fәridәddin Mәhәmmәd ibn İbrahim Nişapuri (1145/46, Nişapur, Kәdkәn k. – 1221, Nişapur) – İran sufi şairi, tәsәvvüf nәzәriyyәçisi vә tәzkirәçi. Hәyatı haqqında mәlumat yoxdur. Əvvәllәr әczaçı vә tәbib olmuşdur. Ə.-ın ömrünün sonuna yaxın Nәsirәddin Tusinin onunla görüşmәsi, C.Ruminin uşaqkәn ondan xeyir-dua alması barәdә mәlumat var. Monqol yürüşlәri zamanı hәlak olmuş Ə.-ın Nişapurda mәzarının üzәrindә Ə.Nәvainin göstәrişi ilә mәqbәrә inşa edilmişdir (1486).
Ə.-ın müәllimi kimi müxtәlif sufi şeyxlәrin adı çәkilsә dә, öz qeydinә әsasәn, onun Əbu Sәid Əbülxeyrin mәnәvi müridi (sufi terminologiyasında üveysi) faktının üzәrindә dayanılır. Heç bir tәriqәtә mәnsub olmamış, mürid yetişdirmәmişdir. Dәrin nәzәri vә praktik mistisizmin ifadәsi olan zәngin bәdii irsi sonralar әsasәn C.Rumi, M.Şәbüstәri, Sәdi, Hafiz vә Ə.Caminin davam etdirdiyi mistik-әdәbi mәktәbә çevrilmişdir. Klassik şeir janrlarının çoxunda yazmış Ə. daha çox mәsnәvi vә qәzәllәri ilә mәşhurlaşmışdır. Vәhdәti-vücud konsepsiyasına әsaslanan vә ilahi mәhәbbәti tәrәnnüm edәn qәzәllәri vәzn vә qafiyә sistemi, elәcә dә incә deyim tәrzi ilә seçilir. Tәmsillәr vә әxlaqi-didaktik hekayәlәrlә zәnginlәşdirdiyi mәsnәvilәri canlı nitq tәsiri bağışlayır; sonralar bu әnәnәni C.Rumi mәnimsәyib inkişaf etdirmişdir.
Şәrq xalqlarının şifahi әdәbiyyatı vә mifologiyasından, sufi mәtnlәrindәn vә sufilәrlә söhbәtlәrdәn topladığı zәngin material әsasında yazdığı әsәrlәrindәki bәzi süjetlәr xüsusi şöhrәt qazanmış, müxtәlif şairlәr tәrәfindәn dәfәlәrlә tәkrar işlәnmişdir. “İlahinamә” vә “Müsibәtnamә” mәsnәvilәri, rübailәr toplusu olan “Muxtarnamә”si tәsәvvüf әdәbiyyatının nadir nümunәlәrindәndir. “Müsibәtnamә” Ə.-ın mistik görüşlәrini vә fikir dünyasını әn ardıcıl әks etdirәn mәsnәvidir. Ə. daha çox “Mәntiqüt-teyr” (“Quşların söhbәti”, tәqr. 1175) mәsnәvisi ilә mәşhurlaşmışdır. Allaha aparan ruhi-mәnәvi tәkamül yolunun (“süluk”) alleqorik tәsvirinin yer aldığı әsәrdә Ə. әnәnәvi “mәqam” vә “hal” sufi anlayışlarını “vadilәr”lә әvәz etmişdir; bu vadilәrin sayı yeddidir. Poemada Simurq vә ona doğru uçan müxtәlif quşların timsalında Allah vә ona doğru yönәlәn insanlar rәmzlәşdirilmişdir. “Tәzkirәtül-övliya” (“Övliyalar tәzkirәsi”) mәnsur әsәrindә Cәfәr әs-Sadiqdәn Mәnsur Hәllaca qәdәr 72 şәxsiyyәtin hәyatından ibrәtamiz rәvayәtlәr, hәmçinin onların müdrik fikirlәri toplanmışdır; Ə.-dan sonra әsәrә daha 25 şәxs barәdә mәlumat әlavә edilmişdir. On min beytlik divanı da var. Mәnbәlәrdә Ə.-a aid edilәn başqa әdәbi nümunәlәrin dә adı çәkilir. Əsәrlәrinin әlyazma nüsxәlәri, o cümlәdәn Əhmәdi Tәbrizinin Ə.-ın müxtәlif әsәrlәrindәn ayrı-ayrı hissәlәrin tәrcümәsi olan “Əsrarnamә”sinin (1478) 2 әlyazması AMEA-nın M.Füzuli ad. Əlyazmalar İntunda saxlanılır.
Шейх Фяридяддин Яттарын тцрбяси. Нишапур (Иран).
Ə.-ın fәlsәfәsindә mәrkәzi yeri insanın özünü ilahi varlıqda әritmә (“fәna”) ideyası tutur. Ə.-a görә, varlıq alәmi mahiyyәtcә bütünlüklә eynidir, fәrqlәr vә müxtәlifliklәr isә zahiri görüntülәrdәn başqa bir şey deyil. Allah insanın özündәdir; sonuncusu fәna olan yeddi vadidәn keçmiş insan mütlәq eyniliyә (“hәqiqi tövhid”ә) nail olur vә axtardığı mütlәq hәqiqәti özündә kәşf edir.