ƏVARİZ (әr. عوارض– tәsadüfi hadisәlәr) – orta әsrlәrdә Azәrb.-da vә Yaxın Şәrqin bir sıra ölkәsindә fövqәladә vergi. Müharibә, saray şәnliklәri vә s. hadisәlәrlә әlaqәdar tәcili xәrclәri ödәmәk üçün toplanılırdı. “Ə.” termini bәzәn cәm halında әvarizat kimi dә işlәdilirdi. Qәznәvilәr dövründәn mәlum idi. Hülakular dövründә Ə. toplanması daimi xarakter almışdı; sәbәb olmadan da yığılırdı. Miqdarı qeyrimüәyyәn idi. Tarixçi Fәzlullah Rәşidәddin Ə. toplanmasını xalqın acınacaqlı vәziyyәtinin başlıca sәbәblәrindәn biri kimi tәsvir etmişdir. Sәfәvilәr dövründә yerli hakimlәrin rәiyyәt üzәrindә qoyduğu hәr cür fövqәladә vergi vә mükәllәfiyyәt Ə. adlanırdı. Xanlıqlar dövründә kәnd әhalisi mülkәdar üçün Ə. adı ilә iki gün artıq işlәmәli idi (bәzi yerlәrdә pulla da әvәz edilirdi). Ə. mükәllәfiyyәti Azәrb.-da 1870 ilәdәk mövcud olmuşdur.