ƏVƏZETMƏ REAKSİYALARI – molekulda atomların (atomlar qrupunun) digәr atomlarla (atomlar qrupu ilә) әvәz edilmәsi ilә gedәn kimyәvi reaksiyalar; üzvi reaksiyaların әsas tiplәrindәn biridir. Ə.r. S (lat. substitutio – әvәzetmә) hәrfi ilә işarәlәnir. Əvәzedici atom (atomlar qrupu) nukleofil, elektrofil (bax Nukleofil vә elektrofil reagentlәr) vә ya sәrbәst radikal ola bilәr; müvafiq olaraq nukleofil (SN), elektrofil (SE) vә radikal (SR) әvәzetmә reaksiyalarına ayırd edilir. Nukleofil vә elektrofil әvәzetmә reaksiyaları heterolitik reaksiyalara aiddir, monomolekulyar vә bimolekulyar ola bilәr; radikal әvәzetmә reaksiyalar – homolitik reaksiyalar radikal-zәncirvarı mexanizmi üzrә gedir (bax Zәncirvarı reaksiyalar).
SN reaksiyalarına tipik misal halogentörәmәli karbohidrogenlәrin hidrolizidir. Mәs., üçlü alkilhalogenidlәrin hidrolizi monomolekulyar mexanizmlә (SN1) iki mәrhәlәdә (birinci limitlәşdirici mәrhәlәdә dissosiasiya nәticәsindә karbkation alınır, ikinci mәrhәlәdә isә karbkation nukleofillә sürәtlә reaksiyaya girir) gedir. Birli vә ikili alkilhalogenidlәrin hidrolizi bimolekulyar mexanizmlә (SN2) bir mәrhәlәdә gedir (karbonun halogenlә rabitәsinin parçalanması vә C–OH rabitәsinin yaranması sinxron baş verir). SE reaksiyaları daha çox aromatik birlәşmәlәr üçün sәciyyәvidir (mәs., s – kompleks aralıq kationun yaranması ilә Fridel–Krafts üzrә asillәşmә, alkillәşmә reaksiyaları, nitrolaşma, sulfolaşma). SR reaksiyalarından әn mühümü metalepsiya (bax Halogenlәşmә), radikal nitrolaşma, karbohidrogenlәrin avtooksidlәşmәsidir.
Əd.: Марч Дж. Органическая химия. Т.2–3. М., 1987.