ƏVRƏZ – qәdim dövrdәn Azәrb.-da xalq arasında yayılmış qarşılıqlı yardım forması. Ə. әkin, biçin, şumlama, arx vә kanalların çәkilişi, evtikmә, körpü salma vә s. kollektiv әmәk tәlәb edәn tәsәrrüfat işlәrinin görülmәsi zamanı tәşkil olunurdu. Tәsәrrüfat işini görmәyә imkanı olmayan ailәlәrә, ailә başçısını itirәnlәrә, hәmçinin yoxsullara Ə. adı ilә kömәk göstәrilirdi. Ə. qәdimdәn mәzmunu vә mahiyyәti etibarilә könüllülük әsasında xalqın bir-birinә tәmәnnasız kömәyi kimi tәşәkkül tapmış vә formalaşmışdır. Sonralar Ə.-dәn hakim sinfin nümayәndәlәri istismar forması kimi istifadә etmişlәr. Xalq arasında onu mәzmununa uyğun olaraq “bәy Ə.-i”, “yüz başı Ə.-i”, “kәndxuda Ə.-i”, “koxa Ə-i” vә s. adlandırmışlar. Ruslarda “pomoç” vә “todoka”, özbәklәrdә vә taciklәrdә “xaşar”, türkmәnlәrdә “yevar”, qırğızlarda “aşar”, gürcülәrdә “dadzaxili” vә “ulami”, lәzgilәrdә “mel”, qumuqlarda “bulka” vә s. Ə.-lә eyni mahiyyәt vә mәzmun daşıyırdı. Mәnşә etibarilә icma torpaq sahibliyi dövrünün mәhsulu olan Ə. sonralar sosial, iqtisadi dәyişikliklәr nәticәsindә Azәrb.-da feodal mükәllәfiyyәtlәrindәn birinә çevrilsә dә, xalq arasında ilkin mәzmununu itirmәmiş vә son dövrlәrә qәdәr gәlib çatmışdır.